BAKI, 9 mart — Sputnik. "Ermənistanla münaqişəni dinc yolla həll etmək üçün əlimizdən gələni etdik".
Bunu Azərbaycan Prezidenti İlham Əliyev martın 9-da Bakıda işə başlayan "Dünya bu gün: Çağırışlar və ümidlər" mövzusunda X Qlobal Bakı Forumunun açılış mərasimində çıxışında bildirib.
Dövlət başçısı qeyd edib ki, Ermənistan bir milyon azərbaycanlıya qarşı etnik təmizləmə siyasəti yürüdüb, onları Qarabağdan və digər yerlərdən qovub, onlara əzab-əziyyət verib: "Bizim qonşularımız azad olunmuş ərazilərimizdə urbisid, kultursid və ekosid həyata keçiriblər. Azərbaycan xalqının mənəvi hüququ var ki, qisas alsın. Biz bunu döyüş meydanında etdik. Biz Ermənistandan fərqli olaraq, hər hansı hərbi cinayət, hər hansı soyqırımı törətmədik. Biz bu nailiyyətləri döyüş meydanında əldə etdik. İndi isə artıq sülh qurmaq vaxtıdır".
"İndi artıq sülh qurmaq vaxtıdır. Biz 2020-ci ilin noyabrında təşəbbüs irəli sürdük ki, dinc yolla danışıqlar aparılsın. Beş məşhur prinsip var və onlar Ermənistanla sülh müqaviləsinin əsasını təşkil edə bilər. Ümid edirik ki, burada vasitəçi rolunu oynamağa çalışan beynəlxalq iştirakçılar Ermənistanı bu şansı itirməmək üçün dilə gətirəcəklər. Çünki onlar müstəqil ölkə olmaq şansını əldən verib, digər ölkələrin müstəmləkəsinə çevrilib və real şəkildə müstəqil olmaq, öz gələcəyini qurmaq şansını əldən buraxıblar", - deyə Prezident İlham Əliyev deyib.
Dövlətimizin başçısı bildirib ki, hər münaqişənin öz tarixi, dinamikası və sonu var: "Lakin vacib məsələ ondan ibarətdir ki, ölkələr arasındakı mübahisələr beynəlxalq hüquq - ərazi bütövlüyü və suverenlik prinsipi əsasında həll olunmalıdır. Bu, güclə dəyişdirilə bilməz. Bu, Azərbaycanın mövqeyini təşkil edir. Bu, nəinki bizim işimizə, dünyadakı bütün münaqişələrə aiddir. Biz bu barədə öz mövqeyimizi aydın şəkildə nümayiş etdirmişik. Azərbaycan çoxkonfessional, multietnik ölkədir. Azərbaycanda milli azlıqların hüquqları Konstitusiyamız tərəfindən qorunur".
Müxtəlif etnik qrupların və konfessiyaların nümayəndələrinin Azərbaycanda ləyaqətli və dinc şəraitdə yaşadıqlarını vurğulayan dövlətimizin başçısı deyib: "Ona görə əminəm ki, Azərbaycanın Qarabağ regionunda yaşayan ermənilərin həyatı işğal dövründən fərqli olaraq, bundan sonrakı dövrdə daha yaxşı olacaq".