BAKI, 8 mart — Sputnik. Zərif cinsin nümayəndələri olsalar da, hər cür təhlükə qarşısında hazır dayanıblar. Onların güc strukturlarında sayı artdıqca cəmiyyətdə qadınların zərif olsalar da, zəif olmadıqlarına olan inam birə-beş artır. Yəqin ki, çoxunuz söhbətin polis qadınlardan getdiyini anladınız. 8 Mart Beynəlxalq Qadınlar Günü Sputnik Azərbaycan-ın müsahibi Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin inspektoru, polis kapitanı Xəyalə Məmmədovadır.
- Diqqət mərkəzində olmaq hər bir xanımın arzusudur. Əynində polis forması olan qadınlar isə qeyri-ixtiyari hər kəsin diqqətini cəlb edir. Nə vaxtsa polis formasında ictimaiyyətin diqqətini cəlb edəcəyinizi düşünürdünüzmü? Necə oldu bu sahəni seçdiniz?
- Polis olmaq şüurlu seçimdir. Arzu idi, gerçəyə çevrilməsi üçün əvvəlcə məqsəd yarandı. Daha sonra polis olmaq fürsəti yarandı, məqsədimin reallaşması üçün çalışdım. Fəaliyyət sahəsi insanın təkcə ictimai həyatı deyil, həm də taleyidir.
- Ailənizdə peşə seçimində fikrinizi dəyişməyə cəhdlər olmadı ki?
- Bu peşədə çalışmağıma ailəmin dəstəyinin olması mənim taleyimi müəyyən edən səbəblər sırasındadır. Həyat yoldaşım da polis zabitidir. Bu ailə tandeminin olması fikirlərimə hər hansı müdaxilə yaratmadı. Düşünürəm ki, insanın peşə seçimində, yaxud seçdiyi peşədə çalışmasına ailə üzvlərinin dəstəyi vacib amildir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin inspektoru, polis kapitanı Xəyalə Məmmədova
© Sputnik / Murad Orujov
- Xəyalə xanım, neçə ildir daxili işlər orqanlarında xidmət edirsiniz?
- Kiçik rəis heyətində xidmətə başlamaqla, müxtəlif vəzifələrdə çalışmışam. Polis Akademiyasını bitirdikdən sonra orta rəis heyətində xidmət edirəm. Artıq 15 ildir polis mundirini daşıyıram. Hazırda DİN-in Mətbuat Xidmətinin inspektoru, polis kapitanı rütbəsindəyəm.
- Qadın polis görəndə çoxlarının ağlından bu sual keçir - polis peşəsi çətin deyil ki?
-Elə bir peşə sahəsi yoxdur ki, çətinliyi olmasın. Əlbəttə, polis peşəsini digər sahələrdən fərqləndirən cəhətlər də var. Fədakarlıq olduqda çətinlik arxada qalır. Ona görə ki, insanın hüquqları ilə yanaşı, ictimai vəzifələri də var. Bu vəzifələr polis orqanında çalışan insan üçün fərqli məna kəsb etmir. Peşənin məsuliyyətini anladığım üçün çətinlikləri özüm üçün şərəf hesab edirəm. Çalışdığım vəzifədə məsul olduğum məsələlər var ki, onun öhdəsindən gəlmək, tapşırıqları vaxtında yerinə yetirmək gündəlik fəaliyyətimin əsas hissəsidir.
- Müəyyən peşələr var ki, orada işləməklə yanaşı, ailəni də yürütmək asan deyil. Ailədə, ev işlərində sizə dəstək göstərən varmı?
- Mənim kimi daxili xidmət orqanında yüzlərlə xanım əməkdaş çalışır. Xatırlamıram ki, kimsə çətinliklərə görə bu peşəni digər fəaliyyət sahəsinə dəyişsin. Bir işdə çalışdıqda ona vərdiş yaranır. Bu tək insanın özünə aid deyil. Ailə üzvləri də anlayışla qarşılamağa çalışır, övladlar "anam polisdir" deyib məsuliyyəti daha da artırır. Bu həyatın tək yönü deyil, polis olan qadının həyat gerçəkləridir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin inspektoru, polis kapitanı Xəyalə Məmmədova
© Sputnik / Murad Orujov
Xüsusi bir hal yoxdur ki, "bunu bacarmıram, ev işlərinə vaxtım qalmır" deyim. Çünki insanın həyatı planlı olanda, ailə üzvləri də, xüsusilə analar ən böyük dayaqdır. İki oğul övladım var, onlar məktəblidir. Çalışıram ki, onların qayğıları ilə maraqlanım, gündəlik dərs davamiyyəti və hazırlıqlarını nəzərdən keçirim. Bir daha düşünürəm, polis peşəsi məni bir ana kimi daha güclü, daha iradəli edir.
- Kişi kollektivində işlədiyiniz üçün sizə qarşı qınaqlar olmayıb ki?
- Qınaqlar insanın davranışları ilə bağlı ola bilər. Polis orqanında belə hal yoxdur. Bu gün polis orqanlarında işləmək arzusunda olan minlərlə məktəbli, yeniyetmə var ki, bu da sualınıza cavabdır. Onların polis olmaq həvəsi cəmiyyətdə polisə olan münasibətin göstəricisidir.
- Əvvəllər qadın polislərə az-az rast gəlinirdi. Amma bu gün onları tez-tez görürük. Bu peşəni seçmək arzusunda olanlara məsləhətiniz nə olardı?
- Bu stereotiplər keçmişdə qalıb. Bu gün polis orqanlarına olan maraq bu fəaliyyət sahəsinə göstərilən etimaddır. Bu sahədə çalışan xanımları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirəm, fəaliyyətlərində uğurlar diləyirəm.