BAKI, 8 mart — Sputnik. Abşeron rayonu Mehdiabad qəsəbəsi 4 saylı orta məktəbdə müəllimin dərsə gecikən şagirdə cəza olaraq məktəbin döşəməsini sildirməsi sosial platformada geniş müzakirəyə səbəb olub. Yayılan məlumata görə, dərsə gecikən şagirdə xəbərdarlıq edilib ki, növbəti dəfə dərsə gecikərsə, məktəbin tualetini də siləcək. Şagirdin bacısı iddia edib ki, qardaşı döşəməni silərkən müəllimi onu videoya da çəkib.
Sputnik Azərbaycan yayılmış səs yazısını araşdırmaq üçün Mehdiabad qəsəbəsi 4 saylı orta məktəbin direktoru Elnurə Cavadzadə ilə əlaqə saxlayıb. E.Cavadzadə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, şagirdləri bu üsulla cəzalandırmaq həmin məktəbin daxili qaydalarıdır:
"Hər bir məktəbdə olduğu kimi, bizim məktəbin də daxili qaydaları var. Yaponiya təhsil sistemində bu cür inzibati tənbeh tədbirləri var. Biz bu qaydalar barədə valideynləri məlumatlandırmışıq. Şagird dərsə bir dəfə, iki dəfə gecikə bilər. Amma artıq bu adət halını alırsa, həmin şagirdə qarşı inzibati tənbeh tədbiri görülməlidir. Həmin şagirdin adı dərsə mütəmadi gecikən şagird kimi dəftərə düşüb. Şagirdlər dərsə gələrkən kafelərə və mağazalara gedirlər. Məktəb bunun qarşısını almaq, şagirdlərin intizamlı olması üçün tənbeh tədbirləri tətbiq edir".
E.Cavadzadə qeyd edib ki, bu hallar ilk dəfə baş verdikdə şagirdlərə şifahi xəbərdarlıq edilir. Amma mütəmadi hala çevrilirsə, bu şagirdin məktəbə, dərsə laqeyd münasibət göstərməsi deməkdir.
"Müəllim də şagirdə dəfələrlə xəbərdarlıqdan sonra ona döşəməni silməsini bir inzibati cəza olaraq tətbiq edib. Şagirdin bu an videosunun çəkilməsi iddiası əsassızdır. Onun bacısı da bizim məktəbin şagirdi olub. Bacısı müəllimlə qeyri-etik tərzdə danışaraq onun səsini yazıb. Səsyazmadan başqa heç bir video yoxdur", - deyə E.Cavadzadə bildirib.
Məktəb direktoru onu da vurğulayıb ki, şagirdə növbəti dəfə cəza olaraq tualeti təmizləməsi barədə xəbərdarlıq edilməyib.
Hadisə ilə bağl Elm və Təhsil Nazirliyinin Abşeron-Xızı Regional Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Səbinə Məmmədova bildirib ki, hazırda regional idarənin əməkdaşları sözügedən məktəbdədirlər:
"Əməkdaşlarımız həmin məktəbdə araşdırmalar aparırlar. Müəllim barəsində qanunvericiliyin tələbinə uyğun olaraq müvafiq tədbir görüləcək".
Abşeron rayonu Mehdiabad qəsəbəsi 4 saylı orta məktəbdə Cəmilə Quliyeva 9-cu sinif şagirdi dərsə gecikdiyi üçün ona məktəbin döşəməsini sildirib.
Məlumat üçün bildirək ki, Mehdiabad qəsəbəsi 4 saylı orta məktəbin direktoru Elnurə Cavadzadə əvvəllər İctimai Televiziyanın aparıcısı olub.