CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölkə üzrə 92 yaşayış məntəqəsi enerjisiz qalıb - Külək bölgələrdə fəsadlar yaradıb

Gədəbəydə küləyin təsirindən Gərgər kəndində 1 ədəd 35 kV-luq və Düzyurd kəndində 6 ədəd 35 kV-luq metal dayaq aşıb.
Sputnik
BAKI, 7 mart — Sputnik. Ötən gün axşam saatlarından başlayaraq əsən güclü külək Gədəbəy rayonunda bir sıra fəsadlar törədib. Sputnik Azərbaycan-ın Report-a istinadən məlumatına görə, küləyin təsirindən Gərgər kəndində 1 ədəd 35 kV-luq və Düzyurd kəndində 6 ədəd 35 kV-luq metal dayaq aşıb.
Bu səbəbdən ümumilikdə 92 yaşayış məntəqəsində elektrik enerjisinin verilməsində fasilə yaranıb və hazırda bu məntəqələrin elektrik enerjisinin verilməsi üçün lazımı işlər aparılır.
Bundan əlavə, rayonun 11 yaşayış məntəqəsində 9 fərdi yaşayış evinin ümumilikdə 488 kv. metr dam örtüyünə və 10 yardımçı tikilinin ümumilikdə 430 kv. metr dam örtüyünə ziyan dəyib, 14 yaşayış məntəqəsində 25 elektrik dayağı və 5 ağac aşıb, nəticədə 447 abonentin elektrik enerjisi, 100 abonentin qaz və rabitə təchizatında fasilə yaranıb.
Qeyd edək ki, hazırda yaranmış fəsadların aradan qaldırılması istiqamətində aidiyyəti qurumlar tərəfindən işlər davam etdirilir.
Xatırladaq ki, Oğuz rayonunda güclü külək kəndləri elektrik enerjisiz qoyub. Dünən axşam saatlarında rayonda əsən şiddətli külək irigövdəli ağacı kökündən qopararaq elektrik naqillərinin üzərinə aşırıb. Nəticədə bir neçə kəndi elektrik enerjisi ilə təmin edən naqillər qırılıb.
Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayon ərazisindən keçən hissəsində irigövdəli ağacın elektrik naqillərini qırması nəticəsində Oğuz şəhərinin bir hissəsi, Calut-1, Calut-2, Bucaq, Muxas, Baş Daşağıl kəndləri və Malıx yaşayış məntəqəsinin elektrik enerjisi kəsilib. Elektrik enerjisinin kəsilməsi nəticəsində ümumilikdə 5 min nəfər işıqsız qalıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.