CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Media subyektləri vergilərdən azad edilir

Layihəyə əsasən, azadolmalar 2023-cü il yanvarın 1-dən tətbiq olunmaqla 3 il müddətində qüvvədə olacaq.
Sputnik
BAKI, 7 mart - Sputnik. Milli Məclisin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərə baxılıb. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili qanun layihəsi barədə məlumat verib. Bildirib ki, Prezidentin imzası ilə Milli Məclisə təqdim olunan qanun layihəsi media subyektlərinin vergidən azad olunması ilə bağlı müddəaları özündə ehtiva edir.
Təqdim olunan qanun layihəsini media subyektlərinə ən çox güzəşt tətbiq olunan vergi rejimlərindən biri kimi dəyərləndirən komitə sədri bildirib ki, bununla da Azərbaycan media subyektlərini bütövlükdə vergilərdən azad edən ölkələrin sırasına yüksələcək.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili
Qanun layihəsinə əsasən, media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) öz fəaliyyətləri nəticəsində əldə etdikləri gəlirlərin, o cümlədən reklam gəlirlərinin, habelə onlara müvafiq dövlət qurumu tərəfindən verilən maddi yardımların gəlir vergisindən, mənfəət vergisindən və sadələşdirilmiş vergidən azad edilməsi təklif olunub.
Eyni zamanda, media subyektləri tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi də əlavə dəyər vergisindən azad edilir. Azadolmalar 2023-cü il yanvarın 1-dən tətbiq olunmaqla 3 il müddətində qüvvədə olacaq.
Dəyişikliklər səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Xatırladaq ki, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov media subyektlərinə vergi güzəştlərinin tətbiq edilməsi ilə bağlı hazırlanan qanun layihəsini media sahəsində dövlət tərəfindən aparılan islahatların növbəti addımı kimi dəyərləndirib. O, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərin media subyektlərinin iqtisadi müstəqilliyinin, çevikliyinin, maliyyə şəffaflığının, peşəkarlığının artırılmasına imkanlar yaradacağından danışıb.
Deputatlar bildiriblər ki, qanun layihəsi dövlətimizin milli mediamıza kompleks dəstəyinin təzahürüdür. Onlar medianın vergidən azad olunmasının onun maliyyə dayanıqlığına ciddi dəstək olacağını qeyd ediblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.