AZƏRBAYCAN XƏBƏRLƏRİ

Dərdlərinizi, azarlarınızı küləyə danışın ki, onu götürüb aparsın

Yel çərşənbəsi günü həyətlərdə tonqallar qalanır, evlərdə plov, südlü plov, lobyalı aş, bulğur aşı və s. bişirilir. Süfrəyə quru meyvələr və dənli bitkilərdən hazırlanmış nemətlər düzülür. Yel, küləklə bağlı inanclar bu çərşənbədə daha geniş icra olunar.
Sputnik
BAKI, 6 mart — Sputnik. Bu gün Azərbaycanda Yel çərşənbəsi günüdür. AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Bəhmən Faziloğlu bildirir ki, xalq arasında "Külək oyadan çərşənbə", "Yelli çərşənbə", "Küləkli çərşənbə", "Yelli-küləkli çərşənbə" kimi tanınan bu çərşənbə ilaxır çərşənbələrin üçüncüsü, Novruzun 7 çərşənbəsindən altıncısıdır, doğru çərşənbədir.
Bəhmən Faziloğlu
Onun sözlərinə görə, yeddi gün keçib, Günəş Şimal yarımkürəsinə, Qoç bürcünə doğru eyni məsafə qət edib. Novruza yaxınlaşdıqca hər çərşənbədə havada dəyişiklik özünü göstərir, bu dəfə də hiss olunacaq:

"Yel çərşənbədə yel sanki havanı, suyu hərəkətə gətirir, oyadır, canlandırır. Qısa müddət ərzində bir neçə dəfə istiqamətini dəyişən külək sanki özünü təzəyir. Çayların, göllərin buzu əriməyə, torpağın donu açılmağa başlayır. İnama görə bu çərşənbədə oyanan yel tezliklə havanın dəyişəcəyini, istiləşəcəyini xəbər verir. Bəzi bölgələrimizdə bu küləyə "puçur yeli" də deyirlər, çünki bu küləkdən sonra ağaclar puçurlamağa (açmağa) başlayır".

B.Faziloğlunun sözlərinə görə, Yelli çərşənbədə ev-eşik his-tozdan təmizlənir, pal-paltarın, xalça-palazın tozu çırpılır, küləyə verilir. Buna görə bu çərşənbə "Toz çərşənbə" də adlanır. Üçüncü çərşənbə bəzi bölgələrimizdə "Qara çərşənbə", "Gül çərşənbə" də adlandırılır:
"Həmin gün qəbirlər ziyarət olunar, kol-kosdan təmizlənər, dünyasını dəyişmiş yaxınlar yad olunar, müqəddəs Qurani-Kərimdən surələr oxunar, dualar edilər. Sonra ehsan qohum-əqrabalara, qonşulara paylanar. Qadınlar il ərzində yas düşən evləri gəzərək, vəfat edənlərin ailə üzvlərinə, yaxınlarına başsağlığı verər. Həmin gün "yasdan çıxarma" sayılır".
Tarixçi bildiri ki, insanlar dərdlərini, azarlarını küləyə danışarlar ki, onu götürüb aparsın. Sanki insanlarla bölüşə bilmədikləri dərdlərini küləklə bölüşüb yüngülləşərlər. Çərşənbə günü gecə söyüd ağacının altına gedib Yel babanı səsləyib niyyət edərdilər:

"Yel baba sənin səsini eşidib əssə və söyüdün budaqlarını torpağa toxundursa, diləyin yerinə yetər"-deyərlər. Əkinçilər bu günlərdə taxıl əkinlərini suvarardılar. Bu suvarma "gülənbər" adlanırdı. Yaz şumuna hazırlıq məqsədi ilə xışı, kotanı, dəhrəni-baltanı, bıçağı-qayçını qaydaya salardılar, atlar, öküzlər nallanar, səpin üçün saxlanan buğda, arpa quyuları açılardı. Sürüləri çöllərə çıxarardılar ki, heyvan otlayıb ağzı dada çatsın".

Küləyin əsməsi, istiliyi hər yerə yayması iqlim prosesi olsa da xalqımızın mifik dünyagörüşündə obrazlaşmış, "Yel baba" kimi şəxsləşib. Şifahi xalq yaradıcılığında Yelin tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc, məsəl və s. yaranıb. Şənliklərdə icra olunan Yel baba mərasimi öz kökü etibarilə qədim əcdadlarımızın Yel ilahisinə etiqadı ilə bağlıdır.
A Yel baba, Yel baba,
Tez gəl, baba, gəl, baba.
Sovur bizim xırmanı,
Atına ver samanı.
Dən dağılıb dağ olsun,
Mənim canım sağ olsun.
A Yel baba, Yel baba,
Qurban sənə, gəl baba.
Yel baba meşələrdə azanların qarşısına çıxır, onlara bir yumaq verir, yumaq açılır və yolunu itirənləri mənzil başına çatdırır....
Yellə bağlı inanclar:
Yel baba xırmana gəlməmişdən qabaq oradan buğda, dən götürməzlər. Sovurulmamış buğda götürən ölər.
Yeli əsdirəni söyməzlər.
Yellə bağı atalar sözləri:
Yelə tüpürsən öz üstünə qayıdar.
Yel qayadan nə aparar?
Yelnən gələn selnən gedər.
Yel əsib qoz tökülüb.
Yel olmasa, sel olmaz.
Yel apardığını qaytarmaz.
Yel eləyəni fələk eləyə bilməz.
Yellə bağlı tapmacalar:
Hər yan ələk-vələkdir,
İsti tamam kələkdir.
Dəyirmana can verər,
Xırmana da gərəkdir.
Novruz bayramı ərəfəsində həyata keçirilən çərşənbələr insanları gələcəyə, yaşayıb-yaratmağa ümidləndirir, həvəsləndirir, səfərbər edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.