CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Çoxmənzilli binalarda "kupça"sız mənzil satışının qadağan edilməsi təklif edilir

Ekspertin sözlərinə görə, bu təklif qəbul edilsə, bir çox problemlərə, o cümlədən bir mənzilin bir neçə şəxsə satılması hallarına son qoyula bilər. Ekspert də düşünür ki, dövlət reyestrindən çıxarışı olmayan mənzillər alqı-satqı predmeti olmasın.
Sputnik
BAKI, 6 mart — Sputnik. Azərbaycanda daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət kimi qeydiyyata alınmayan çoxmənzilli binalarda mənzillərin satılmasının qanunla qadağan edilməsi təklif olunur.
Bu təklif Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2022-ci il üzrə illik məruzəsində öz əksini tapıb.
Sənəddə qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qəbul komissiyası tərəfindən istismarına icazə verilməyən, daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət kimi qeydiyyata alınmayan və sığorta edilməyən çoxmənzilli binalarda mənzillərin satılmasına qanunla qadağa qoyulması təklif edilir.
Daşınmaz əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə Sputnik Azərbaycan-a açıqlamasında bu təklifi müsbət qiymətləndirib.
Daşınmaz əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə
O bildirib ki, mənzil-tikinti kooperativləri (MTK-lar) ilkin qeydiyyat ilə bağlı sənəd ala bilərlər. Yəni MTK-lar sənədləri qanunvericiliyə uyğun hazırlayıb təhvil verirsə, bina hələlik istismara verilməsə belə onlara ilkin qeydiyyat sənədi verilir. İlkin qeydiyyat sənədinə əsasən MTK-larda alqı-satqı həyata keçirmək mümkündür. Başqa sözlə, alıcıya ilkin qeydiyyat sənədi verilir. Amma bir çox MTK-lar təəssüf ki, bunu etmirlər.

"Bu təklif qəbul edilsə, bir çox problemlərə, o cümlədən bir mənzilin bir neçə şəxsə satılması hallarına son qoyula bilər. Yaxşı olardı ki, dövlət reyestrindən çıxarışı olmayan mənzillər alqı-satqı predmeti olmasın", - deyə ekspert qeyd edib.

Çıxarışlı mənzillər bahalaşa bilər
Onun sözlərinə görə, bu addım həyata keçirilsə, çoxmənzilli binalarda çıxarışı olan mənzillərin qiyməti daha da bahalaşacaq. İndi də çıxarışlı mənzillər çıxarışı olmayan mənzillərdən ən azı 100 faiz bahadır. Ümumiyyətlə, çıxarışı olmayan mənzilin alınması risklidir.
Qeyd edək ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanuna əsasən, tikintisi başa çatdırılmamış daşınmaz əmlak üzərində, həmçinin mülki qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda mülkiyyət və digər əşya hüquqları dövlət reyestrində Mülki Məcəllənin 147-ci maddəsində nəzərdə tutulmuş qaydada tikintiyə icazə sənədləri və plan-cizgi əsasında qabaqcadan qeydiyyata alına bilər.
Tikintisi başa çatdırılmamış binanın tərkib hissəsi olacaq ayrı-ayrı mənzillərə və ya qeyri-yaşayış sahələrinə mülkiyyət hüququ və eyni zamanda onun ipoteka ilə yüklülüyü dövlət reyestrində qabaqcadan qeydiyyata alına bilər.
2022-ci ildə daşınmaz əmlakın qeydiyyatında ən yüksək göstərici qeydə alınıb
Xatırladaq ki, Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına əsasən, ötən illərlə müqayisədə 2022-ci ildə ölkə üzrə daşınmaz əmlakın qeydiyyatı sahəsində ən yüksək göstərici qeydə alınıb. Belə ki, 2022-ci ildə 382 min 319 daşınmaz əmlak üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınıb. 2021-ci ilin eyni dövrü ilə müqayisədə 2022-ci ildə daşınmaz əmlak üzərində mülkiyyət hüququ 25,2% artıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.