BAKI, 6 mart — Sputnik. Zaporojye AES-də (ZAES) vəziyyət təcili olaraq təhlükəsizlik zonasının yaradılmasının vacibliyini ortaya qoyur. Bu barədə Beynəlxalq Atom Enerjisi üzrə Agentliyin (BAEA) baş direktoru Rafael Qrossi BAEA Rəhbərlər Şurasının iclasından əvvəl bildirib.
"Zaporojye AES-dəki vəziyyət ərazidə təcili nüvə təhlükəsizliyi və mühafizə zonasının yaradılmasının zərurətini vurğulayır", - Qrossi bildirib.
"Mən hər iki tərəflə məsləhətləşmələrimi sürətləndirdim və gecikmədən bu mühüm tədbirə nail olmaq üçün sizin davamlı fəal dəstəyinizi gözləyirəm", - o əlavə edib.
Qrossi qeyd edib ki, hərbi əməliyyatlar və ZAES-də gərgin iş şəraiti stansiyanın nüvə təhlükəsizliyini təhlükə altına qoyur.
Eyni zamanda, Qrossi vurğulayıb ki, noyabr ayından bəri BAEA Ukraynadakı müxtəlif təşkilata bağışlanmış avadanlığın tədarükünü başa çatdırıb və yaxın aylarda daha çox tədarüklər gözlənilir.