BAKI, 5 mart - Sputnik. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Dohada keçirilən 5-ci Ən Az İnkişaf etmiş Ölkələr Konfransında iştirakçılara müraciət edib.
Çavuşoğlu Türkiyənin Kahramanmaraşda baş verən zəlzələlər nəticəsində dərin kədər içində olduğunu ifadə edib:
“Fevralın 6-da Türkiyənin cənub-şərqində iki zəlzələ baş verdi, millətimiz bu gün dərin hüzn içərisindədir. Bununla belə, səmimi formada edilən beynəlxalq həmrəylik ürəyimizi isitdi, bizə güc verdi. Ən qaranlıq günlərdə dəstək və həmrəylik təklif edən ilk ölkələr arasında ən az inkişaf etmiş ölkələr oldu. Biz bilirik ki, bu yardım əli bəzi hallarda əhəmiyyətli bir fədakarlıqdır. Türk milləti bunu heç vaxt unutmayacaq. Zəlzələlərdən sonra həmrəyliyiniz bir daha göstərdi ki, siz mənən ən çox inkişaf etmiş və səxavətlisiniz. Türkiyədəki qardaşlarınız sizə təşəkkür edir”.
Martın 4-də Dohada Ən az inkişaf etmiş ölkələr üzrə BMT-nin Beşinci Konfransı (LDC5) öz işinə başlayıb.
Doha Konfransının beş günü ərzində dünya liderləri, özəl sektor və vətəndaş cəmiyyətinin nümayəndələri, parlamentarilər və gənclər Doha Fəaliyyət Gündəliyi çərçivəsində razılaşdırılmış öhdəliklərin icrasının sürətləndirilməsi ilə bağlı yeni ideyaları müzakirə edəcəklər.
Konfransda LDC-ə xas problemlərlə bağlı konkret təşəbbüslər, eləcə də məqsədyönlü nəticələrin inkişaf etdirilməsi gözlənilir. Konfransda plenar iclaslar, paralel yüksək səviyyəli tematik dəyirmi masalar və Doha Fəaliyyət Gündəliyinin müxtəlif tematik prioritetləri ətrafında bir sıra tədbirlər keçiriləcək.
5 mart 2023-cü il tarixində sessiyanın açılışından sonra LDC Qrupunun yaradılmasının 50 illiyi ilə bağlı anım tədbiri keçiriləcək.