DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyə "taxıl sazişi"ni ən azı altı ay uzatmaq niyyətində olduğunu bildirib

Türkiyəli millət vəkili deyib ki, hazırda dünyanın bir çox regionlarında kənd təsərrüfatı məhsullarına ehtiyac var.
Sputnik
BAKI, 5 mart - Sputnik. Ankara "taxıl sazişi"ni ən azı altı ay uzatmaq istəyir. Bunu Türkiyə Böyük Millət Məclisinin bitərəf deputatı, Yenilik Partiyasının başqanı Öztürk Yılmaz deyib.
"Türkiyə, əlbəttə ki, "taxıl sazişi"ni uzatmaq istərdi, çünki hazırda dünyanın bir çox regionlarında kənd təsərrüfatı məhsullarına ehtiyac var. Türkiyə bunu ən azı altı ay uzatmaq niyyətindədir", - deyə türk millət vəkili bildirib.
Xatırladaq ki, 2022-ci il iyulun 22-də İstanbulda Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 120 gün müddətinə Ukraynadan Qara dəniz yolu ilə kənd təsərrüfatı məhsullarının ixracı üçün dəhlizin yaradılması haqqında saziş imzalanıb. Sənədə uyğun olaraq, daşınma zamanı silah qaçaqmalçılığının qarşısının alınması və təxribatların istisna edilməsi məqsədilə taxıl daşıyan gəmilərə baxış keçirilir.
Oktyabrın 29-da Ukraynanın Sevastopol körfəzində Rusiyanın Qara dəniz donanmasının gəmilərinə hücumundan sonra Rusiya taxıl müqaviləsində iştirakını "qeyri-müəyyən müddətə" dayandırdığını elan edib. Noyabrın 2-də Rusiya prezidenti Vladimir Putin bildirib ki, Kiyev tərəfindən şərtləri pozulduğu təqdirdə Moskva "taxıl sazişi"ndən çıxmaq hüququnu özündə saxlayır. O zaman Ukrayna tərəfi taxıl dəhlizindən hərbi məqsədlər üçün istifadə etməyəcəyinə zəmanət verib.
Fevralın ikinci yarısında RİA Novosti agentliyi öz mənbəsinə istinadən yazıb ki, Türkiyə və Rusiya yaxın gələcəkdə ən yüksək səviyyədə "taxıl sazişi"ni müzakirə edə bilərlər.