BAKI, 5 mart - Sputnik. Lənkəranda polisə silahlı müqavimət göstərən şəxs həbs edilib.
Lənkəran rayon Prokurorluğundan bildirilib ki, martın 3-ü polis əməkdaşlarına qarşı silahlı müqavimət göstərilməsi barədə Lənkəran rayon prokurorluğuna məlumat daxil olub. İlkin araşdırma zamanı Seymur və Tural Musayevin külli miqdarda narkotik vasitəni əldə edib Bakı şəhərinə daşıyarkən onların cinayət başında yaxalanaraq ifşa edilməsi üçün əməliyyat tədbiri keçirən polis əməkdaşlarına odlu silahla müqavimət göstərməsinə əsaslı şübhələr müəyyən edilib.
Polis əməkdaşlarına silahlı müqavimət göstərən Seymur Musayev zərərsizləşdirilib və əməliyyat zamanı onun ölüm faktı qeydə alınıb.
Şübhəli şəxslərdən 1 ədəd "Kalaşnikov" markalı avtomat silah, ayrı-ayrı bağlamalarda çəkiləri 16,7 kq narkotik vasitə qurudulmuş marixuana, 16,6 kq narkotik vasitə heroin, 8,3 kq psixotrop maddə metamfetamin və 2320 ədəd tərkibində narkotik maddə olan metadon həbləri, elektron tərəzi və digər sübutlar aşkar edilərək götürülmüşdür.
Rayon prokurorluğunda başlanmış cinayət işi üzrə Tural Musayev Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitəni əldə etmə və daşıma), 315 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə) və digər maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.
Cinayət işinin tam, hərtərəfli və obyektiv istintaq olunması üçün zəruri tədbirlər davam etdirilir.