AZƏRBAYCAN XƏBƏRLƏRİ

Azərbaycan xilasediciləri Türkiyədə zəlzələ zonasını sonuncu tərk edəcək - Çavuşoğlu

Türkiyənin xarici işlər naziri Diyarbəkir vilayətinə səfəri zamanı bildirib ki, hazırda təbii fəlakət zonasında Azərbaycandan olan 500 xilasedici işləyir.
Sputnik
BAKI, 4 mart - Sputnik. Azərbaycan xilasediciləri Türkiyənin cənub-şərqində zəlzələ zonasını sonuncu tərk edəcəklər. Bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
Mövlud Çavuşoğlu, arxiv şəkli
Şənbə günü nazir ölkənin cənub-şərqində yerləşən Diyarbəkir vilayətinə səfər edib, burada təbii fəlakət zonasında evlərini itirmiş həmvətənlər üçün daha bir modul şəhərciyin yaradılması işləri ilə tanış olub.
Çavuşoğlu bildirib ki, xaricdən gələn xilasetmə qruplarının çoxu artıq ölkələrinə qayıdıb.

“Hazırda təbii fəlakət zonasında Azərbaycandan cəmi 500 nəfər qalıb. Türkiyəni ən sonuncu tərk edəcəklərini söylədilər”, - deyə Anadolu agentliyi türkiyəli nazirin sözlərini sitat gətirib.

Onun sözlərinə görə, hazırda zəlzələdən zərər çəkmiş əyalətlərdə 30 səhra xəstəxanası yerləşdirilib. Türkiyə Xarici İşlər Nazirliyinin koordinasiyası ilə xaricdən çadır və konteyner evlərinin çatdırılması davam edir.
Xatırladaq ki, zəlzələlərin aradan qaldırılması işlərinə başlanandan indiyədək Prezident İlham Əliyevin sərəncamı ilə Fövqəladə Hallar Nazirliyinin xətti ilə 725 azərbaycanlı xilasedici Türkiyəyə ezam olunub.
Onların bəziləri artıq geri qayıdıb. Fevralın 6-da Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə zəlzələlər 9 saatlıq fasilə ilə baş verib.
Yeraltı təkanlar, ardınca yüzlərlə təkanlar Suriya da daxil olmaqla ölkənin 11 vilayətində və qonşu dövlətlərdə hiss olunub. Son məlumatlara görə, Türkiyədə 45 mindən çox insan həyatını itirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.