BAKI, 3 mart - Sputnik. Azərbaycanda tikinti şirkətləri tərəfindən xüsusilə yol kənarlarında, habelə piyadaların gediş-gəlişi üçün nəzərdə tutulmuş yerlərdə inşa edilən bir sıra hündürmərtəbəli binalarda bir çox hallarda təhlükəsizlik qaydalarına riayət edilmir.
“Report” xəbər verir ki, bu, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın 2022-ci il üzrə illik məruzəsində əksini tapıb.
Belə ki, ərizəçi Ə. Ombudsmanın Çağrı Mərkəzinə müraciət edərək, habelə qəbulda olarkən, yaşadığı evin yanında tikinti şirkəti tərəfindən inşaat işlərinin aparıldığını, ağır çəkili tikinti materiallarının kran vasitəsilə yaşadığı evin və həyətyanı sahənin üzərindən hərəkət etdirilməklə daşındığını, bu səbəbdən həyat və sağlamlıqları üçün təhlükəli vəziyyətin yarandığını, qorxu içində yaşadıqlarını, bununla bağlı aidiyyəti qurumlara şikayətlərinin heç bir nəticə vermədiyini bildirmiş, təhlükəsiz yaşamaq hüququnun müdafiəsində köməklik göstərilməsini xahiş edib.
Şikayətlə bağlı Fövqəladə Hallar Nazirliyinə və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciətlər edilib və məlum olub ki, mütəxəssislər tərəfindən ərizəçinin ünvanına baxış keçirilib, tikintinin təşkili layihəsində qülləli kranın ərazidə düzgün quraşdırılmadığı və təhlükəsiz istismarı üçün zəruri olan tələblərin pozulması halları aşkar edildiyi üçün “Kristal-F” MTK-nın rəhbərliyindən istismarına icazə alınanadək kranın istismarının dayandırılması tələb olunub, yaranmış nöqsanların aradan qaldırılması və gələcəkdə baş verə biləcək hər hansı xoşagəlməz hadisənin qarşısının alınması məqsədilə “Kristal-F” MTK-nın rəhbərliyinə yazılı tapşırıqlar verilib.
Şikayət üzrə aparılmış əlavə araşdırma nəticəsində müvafiq nazirlikdən verilmiş cavabda bildirilib ki, obyektdə istifadə edilmiş qülləli kran düzgün quraşdırılmadığından sökülərək ərazidən çıxarılıb:
"Müvafiq problemlə bağlı şikayətlərin araşdırılması praktikası onu deməyə əsas verir ki, bu sahədə mövcud problemlər aidiyyəti səlahiyyətli dövlət qurumları tərəfindən diqqətdə saxlanılmır, vətəndaş müraciətləri bürokratik yanaşmaya məruz qalmaqla yanaşı, şikayətlər üzrə ciddi tədbirlər görülmür, təqsirkar vəzifəli şəxslər cəzalandırılmır. Təəssüf hissi ilə qeyd edilməlidir ki, tikinti şirkətləri tərəfindən xüsusilə yol kənarlarında, habelə piyadaların gediş-gəlişi üçün nəzərdə tutulmuş yerlərdə inşa edilən bir sıra hündürmərtəbəli binalarda bir çox hallarda təhlükəsizlik qaydalarına riayət edilmir ki, bu da ətrafda yaşayan sakinlərin və ya piyadaların həyat və sağlamlıqlarını, eləcə də əmlaklarını təhlükə altında qoyur. Yeri gəlmişkən qeyd edilməlidir ki, qanunsuz məskunlaşmaya şərait yaradan tikinti şirkətlərinin və aidiyyəti dövlət qurumlarının yaratdığı vəziyyət sakinlərin ən müxtəlif problemlərlə üzləşməsinə səbəb olmaqdadır".
Sənəddə qeyd olunub ki, istismarına qanunla müəyyən edilmiş qaydada icazə verilməyən, lakin əksər hissəsi artıq məskunlaşmış bir çox hündürmərtəbəli yaşayış binalarında sakinlər elektrik enerjisi, içməli su və təbii qaz təchizatında, habelə lift və digər kommunal xidmətlər sahəsində ciddi problemlərlə üzləşməkdədirlər:
"Qeyd edilənləri nəzərə alaraq, aidiyyəti səlahiyyətli dövlət qurumları tərəfindən mövcud sahəyə nəzarətin gücləndirilməsi və narahatlıq doğuran halların qarşısının alınması, o cümlədən tikintisinə icazə verilmiş yaşayış binalarının təhvil verilməsi prosesində mövcud olan məhdudiyyətlərin aradan qaldırılması məqsədilə zəruri tədbirlərin görülməsi məqsədəmüvafiqdir".