BAKI, 3 mart — Sputnik. "Standard&Poors" beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sektorunda riskləri yenidən qiymətləndirib. Agentlik bank sektorunda iqtisadi və sənaye risk trendlərini stabil olaraq müəyyən edib. Qurum bank sektorunda risklərin artım səviyyəsinə görə Azərbaycanı 10 ballıq şkala üzrə yenidən 9 balla qiymətləndirib.
Qeyd edək ki, 1 bal ən az, 10 bal isə ən yüksək risk olaraq müəyyən edilib.
Bəs maraqlıdır, Azərbaycanın bank sektorunda risklər niyə yüksəkdir və bu sahədə hansı addımlar atılmalıdır? Bu risklərin vətəndaşların götürdükləri kredit faizlərinə və banklara qoyduğu depozitlərə təsiri varmı?
İqtisadçı Xalid Kərimli Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, risklərin yüksək olmasının səbəbi Azərbaycan iqtisadiyyatında gəlirlərin 90 faizinin neft-qaz sektorundan asılı olmasıdır, yəni əmtəəyə bağlı iqtisadiyyatdır: "İxrac şaxələndirilməyib, qeyri-neft sektoru güclü inkişaf etməyib. Qeyri-neft ixracı aşağıdır, ölkəyə valyuta gətirən sahələr azdır. Rəqabət qabiliyyətli iqtisadiyyatımızın olmaması, logistik xərclər, okeanlara çıxışın olmaması buranı bir az riskli bölgəyə çevirir".
Dünyada təbii qazın qiymətləri düşüb
O bildirib ki, riskləri azaltmaq üçün qeyri-neft sektorunu inkişaf etdirmək, bu istiqamətdə ixracı artırmaq lazımdır. Dünyada təbii qazın qiymətləri düşüb. Əgər neftin də qiyməti düşsə, ölkədə maliyyə problemi yarana bilər.
Risklərin yüksək olması faizləri qaldırır
Ekspert diqqətə çatdırıb ki, risklərin yüksək olması kredit faizlərini qaldırır: "Bank girovsuz krediti 20-25 faizlə, amma girovlu krediti isə 12-13 faizlə verir. Vətəndaş da manatın riskini nəzərə alıb banka yüksək faizlə depozit qoymağa çalışır. Ümumiyyətlə, iqtisadiyyatın riskli olması faizləri yüksəldir. Çünki risk gəlirlilik tələb edir".
100 min manatadək olan depozitə qarantiya var
Risklərin qoyulan depozitlərə təsirinə gəlincə, ekspert bildirib ki, 1 iyun 2020-ci il tarixindən etibarən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 12 faiz, xarici valyutada isə 2,5 faiz müəyyən edilib: "Əmanətlərin Sığortalanması Fondu tərəfindən bankda sığortalanmış əmanətin 100 faizi həcmində, lakin 100 min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. Kompensasiya sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir. Başqa sözlə, 100 min manatadək olan depozit hər hansı bir təhlükədə deyil, hökumət buna qarantiya verir. Yox, əgər vətəndaş 100 min manatdan çox depozit qoyursa, bankları qiymətləndirməlidir. Azərbaycanda bank sektorunun ümumi riski böyük olsa da konkret elə banklar var ki, risk daha aşağıdır. Risk daha yüksək olan banklar da var".
Qeyd edək ki, "Standard&Poors" beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sektoru üzrə iqtisadi və sənaye risk trendlərini stabil olaraq müəyyən edib. Bu barədə Agentliyin bank sektoru üzrə risk qiymətləndirməsində bildirilib. Agentlik iqtisadi davamlılıq üzrə riskləri çox yüksək, iqtisadi balanssızlıq üzrə riskləri yüksək olaraq saxlayıb. Qurum ötən ilin noyabr qiymətləndirməsində olduğu kimi sənaye trendləri üzrə institusional çərçivə riskləri son dərəcə yüksək, rəqabət dinamikası ilə bağlı riskləri yüksək və sistem miqyasında maliyyələşdirmə üzrə riskləri isə çox yüksək olaraq müəyyən edib. İqtisadiyyatda kredit risklərini isə son dərəcə yüksəkdən çox yüksəyə endirib.
Qeyri-neft sektoru üzrə ixrac 3,05 milyard dollar olub
Xatırladaq ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatlarına görə, 2022-ci ildə Azərbaycanın ümumi ixracı 38,1 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 3,05 milyard ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2021-ci illə müqayisədə 12,4 faiz artıb.
2022-ci ildə kimya sənayesi məhsullarının ixracı 57,7 faiz, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 17,5 faiz, alüminium və ondan hazırlanan məmulatların ixracı 15,4 faiz, çay ixracı isə 35,6 faiz artıb.
Aqrar və aqrar sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 912,4 milyon ABŞ dolları təşkil edib. 2022-ci ildə ixrac edilən meyvə-tərəvəz məhsulları aqrar məhsullar qrupunun 93 faizini təşkil edib. Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar sənaye məhsullarının yaratdığı dəyər 35,4 faiz artıb.