BAKI, 3 mart — Sputnik. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov martın 29-u İsrailə səfər edəcək.
Bu barədə İsrail mətbuatı məlumat yayıb.
Səfərin məqsədi Azərbaycanın İsraildəki səfirliyinin açılış mərasimində iştirak etməkdir.
Ceyhun Bayramovun İsrail Prezidenti İsaak Herzoq, Baş nazir Binyamin Netanyahu və xarici işlər naziri Eli Kohenlə görüşü gözlənilir.
Xatırladaq ki, ötən ilin noyabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın İsraildə (Təl-Əviv şəhərində) səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzalayıb.
Dövlət başçısı eyni zamanda, Azərbaycanın İsrail Dövlətində (Təl-Əviv şəhərində) səfirliyinin təsis edilməsi haqqında qanunu təsdiqləyib.
Azərbaycanın İsrailə yeni təyin olunmuş səfiri Muxtar Məmmədov etimadnaməsinin surətini martın 2-də İsrail Xarici İşlər Nazirliyinin Protokol xidmətinin rəisi Gil Haskelə təqdim edib.