SƏHİYYƏ

Bakıdakı poliklinikaların "Forma 88" üçün 41 manat tələbi qanunsuzdur?

Fazil Mustafa bildirib ki, hər bir vətəndaşın müayinə olunub sağlamlığına dair pulsuz arayış almaq hüququ təmin edilməlidir.
Sputnik
BAKI, 3 mart — Sputnik. Azərbaycanda bəzi tibbi arayışların qiymətinin fantastik həddə müəyyən edilməsi aztəminatlı ailələrin bu arayışları əldə etməsini çətinləşdirir. Ötən gün Milli Məclisin deputatı Afət Həsənova əlillik təyinatı zamanı tibb müəssisələrində "Forma 88"in ödənişli olmasından şikayətlənib. Deputat parlamentin plenar iclasında çıxışı zamanı bildirib ki, əlilliyin qiymətləndirilməsi ilə bağlı bir sıra şikayətlər var.
Arayış üçün tələb olunan rüsuma bir kisə un almaq olar
O qeyd edib ki, əlillik təyinatında verilən imtinalarda əsas səbəblərindən biri tibb müəssisələri tərəfindən göndərilən "Forma 88"in düzgün doldurulmaması ilə bağlıdır: "Son vaxtlar narazılıqlar siyahısına yenisi də əlavə olunub. Hazırda ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin siyahısı və tariflər təsdiq edilərkən "Forma 88" də ödənişli xidmət növlərinə daxil edilib. Xidmət haqqı da təxminən 41 manat təşkil edir. Mənə aydın olmayan məqamlardan biri də özəl sektordan heç də fərqlənməyən bu məbləğin hansı meyarlar əsasında və nələrə istinad edilərək müəyyənləşdirilməsidir. Həmçinin ödənişli tibbi xidmətlər siyahısında aztəminatlı ailələr hansı formada nəzərə alınıb? Bu da istər-istəməz haqlı narazılıqlara səbəb olur".
"Təklif edirəm ki, tibbi xidmətlərdən ödənişsiz yararlanmaq hüququna malik olan şəxslərin siyahısına yenidən baxılsın"- deyə o əlavə edib.
Qeyd edək ki, tibbi arayışların baha olması, eləcə də ödənişli olması zaman-zaman tənqid edilib. Bundan öncə Milli Məclisin deputatı Məlahət İbrahimqızı da bildirmişdi ki, sağlamlıq arayışının rüsumu bir kisə unun qiymətinədir.
Bəs görəsən əlillik təyinatı üçün alınması vacib olan "Forma 88" arayışına görə vətəndaşlardan ödəniş tələb edilməsi qanunauyğundurmu?
Bu rüsumlar ləğv edilməlidir!
Deputat Fazil Mustafa Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, tibbi arayışlara fantastik məbləğdə rüsum tətbiq etmək düzgün deyil. F. Mustafanın sözlərinə görə, xüsusilə həssas təbəqələrlə bağlı rüsumlara yenidən baxmaq lazımdır: "Əlil təbəqədən bu vəsaitin bir arayış üçün tələb olunması isə tam məntiqsiz davranışdır. Mütləq bu rüsum ləğv olunmalıdır".
F. Mustafa bildirib ki, ümumiyyətlə, tibbi arayışlarla bağlı rüsumlara yenidn baxılmalıdır: "İşsiz bir insan bu rüsumu necə ödəsin? İşsizlər üçün də bu cür rusumlar ləğv olunmalıdır. Bu rüsumların məbləğini müəyyən edənlər hansı prinsiplərə əsaslanıblar? Ölkədə minimum əmək haqqı, pensiya nəzərə alınmalıdır. İşsiz insanlara, aztəminatlı ailələrə, eləcə də əlilliyi olan şəxslərə bu məbləği ödəmək çox çətindir. Onların sosial vəziyyəti buna imkan vermir. Rüsumları fantastik məbləğdə təyin etmək insanların maddi sıxıntısını daha da artırır".
Deputat bildirib ki, tibbi arayışlara rüsumların tətbiq edilməsi məsələsi yığışdırılmalıdır. Çünki, vətəndaşlar icbari tibbi sığorta haqqı ödəyir. Hər bir vətəndaşın müayinə olunub sağlamlığına dair pulsuz arayış almaq hüququ təmin edilməlidir.
"Əgər söhbət kağızın pulundan gedirsə, bunun qiymət 1-2 manatdır. Bu zaman arayışa niyə belə yüksək rüsum qoyulur? Bu məsələ ciddi narahatlıq yaradır. Bunu təcili həll edərək qanunvericilikdə də təsbit etmək lazımdır".
"Forma 88" üçün rüsum tələb olunmalıdırmı?
TƏBİB-dən isə Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirildi ki, "Forma 88" üçün rüsum tələb olunmur.
Sputnik Azərbaycan bunu araşdırmaq üçün bir neçə polikilinika ilə əlaqə saxlayıb.
33 saylı Şəhər polkilinikasından da Sputnik Azərbaycan-a bildiriblər ki, "Forma 88" üçün rüsum tələb olunmur.
Notariuslarda həssas təbəqəyə rüsum ləğv ediləcək!
Qeyd edək ki, "Forma-88" göndərişlərinin ödənişli olması barədə xəbərlər yayılmışdı.
Xatırladaq ki, ötən gün əhalinin sosial müdafiəsi müəssisələrində olan yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxslərin həmin müəssisənin müdiriyyəti və ya müvafiq sosial xidmət orqanının rəhbəri (onun müavini) tərəfindən təsdiqlənmiş etibarnamələri notariat qaydasında təsdiqlənən etibarnamələrə bərabər tutulan etibarnamələrin siyahısından çıxarılması təklif olunu. "Notariat haqqında" qanuna təklif edilən dəyişikliyə əsasən, osial xidmət müəssisələrinə yerləşdirilən şəxslərə etibarnamə vermək üçün dəvət olunan notarius onlardan nəqliyyat xərcini tələb edə bilməz. Eyni zamanda notarius nəqliyyat xərclərinin ödənilməməsinə görə sosial xidmət müəssisələrinə yerləşdirilən şəxslər tərəfindən verilən etibarnamələrin təsdiq edilməsinə dair notariat hərəkətlərini aparmaqdan imtina edə bilməz.
Əlilliyin Müəyyən Edilməsi qaydası
Məlumat üçün əlavə edək ki,əlillik Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunmasına dair Əsasnamə" əsasında müəyyən edilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na əsasən əlilliyin qiymətləndirilməsi elektron qaydada aparılır.
-Əlilliyin qiymətləndirilməsi üçün əsas sənəd dövlət tibb müəssisəsinin göndərişidir (Forma 88).
-Əlillik qiymətləndirilərkən yalnız göndərişdə qeyd olunmuş məlumatlar əsas götürülür.
-Göndərişin tərtib edilməsi üçün vətəndaş ilk növbədə qeydiyyatda olduğu yaşayış yeri üzrə tibb müəssisəsinə (poliklinikaya) müraciət etməlidir.
-Göndəriş rəsmiləşdirildikdən sonra elektron sənəd formasında "Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri"nə daxil edilir və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində Əlillik altsisteminə ötürülür.
-Göndəriş altsistemə daxil olduqdan sonra göndərişi verən tibb müəssisəsinin, bu göndərişi təsdiq edən şəxsləri və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır.
-Adsızlaşdırılmış göndərişlər dərhal altsistem tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə Tibbi-sosial ekspert komissiyasına (TSEK-ə) (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) elektron şəkildə göndərilir
-Əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır.
-Əlilliyin təyin olunub-olunmaması ilə bağlı məlumat şəxsin mobil telefonuna SMS bildiriş vasitəsilə göndərilir. Bunun üçün göndərişdə şəxsin öz adına olan mobil nömrəsinin qeyd olunması vacibdir.
-Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir
-Şəxslər e-sosial.az internet portalındakı şəxsi kabinetindən əlilliklə bağlı məlumatları əldə edə bilərlər.
-Azərbaycan Respublikasının "Əmək pensiyaları haqqında" və "Sosial müavinətlər haqqında" qanunlarına uyğun olaraq, əlilliyə görə əmək pensiyası və ya sosial müavinət almaq hüququ olan əlilliyi olan şəxslər, qeydiyyat yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun rayon və ya şəhər şöbələrinə müraciət etməlidirlər.