BAKI, 2 mart — Sputnik. Lənkəran Şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsi müdirinin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, istintaq zamanı Elgün Abdullayevin fərdi-yaşayış evi və qeyri-yaşayış sahəsinə dair sənədlərinin hazırlanması müqabilində 100 min 250 manat məbləğində pul vəsaitini rüşvət qismində istəməsi və cəmi 33 min 500 manat pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.
Elgün Abdullayevə Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü (külli miqdarda təkrarən rüşvət alma) maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.