BAKI, 2 mart — Sputnik. Avropa regionunda qızılca xəstəliyinə yoluxma hallarının sayında kəskin artım müşahidə edilir. Bu barədə ÜST-ün Azərbaycandakı nümayəndəliyindən məlumat verilib. ÜST bəyan edib ki, 2021-ci ildə əgər 159 qızılcaya yoluxma halı qeydə alınmışdırsa, 2022-ci ildə bu say 904-ə çatıb. ÜST-ün Azərbaycandakı nümayəndəliyi qızılca və digər peyvəndlə qarşısı alına bilən xəstəliklərin yayılmasını önləmək məqsədilə ölkələri uşaqlar da daxil olmaqla peyvənddən kənarda qalmış şəxslərin immunizasiya olunması üçün yerli tədbirləri gücləndirməyə çağırıb.
Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hazırda ölkəmizdə qızılca xəstəliyi yoxdur. Bununla belə, A.Əliyeva bildirib ki, Azərbaycanda qızılcaya yoluxma təhlükəsi hər zaman var.
Onun sözlərinə görə, qızılcaya yoluxma riskinin qarşısını almaq üçün mütləq şəkildə vaksinasiya tədbirləri davam etdirilməli, peyvənddən kənar qalanlar qızılcaya qarşı vaksin olunmalıdırlar:
A.Əliyeva bildirib ki, qızılcaya qarşı peyvənd olunan şəxslərin bu xəstəliyə yoluxma riski yoxdur. Onun sözlərinə görə, çox nadir hallarda qızılcaya qarşı peyvənd olunmuş şəxs bu xəstəliyə yoluxa bilər:
O qeyd edib ki, ölkəmizdə qızılcaya qarşı aparılan təmizləyici immunlaşdırma tədbirlərinin keçirilməsi sayəsində xəstəliyin yayılmasının qarşısı alınıb.
Direktor müavini onu da deyib ki, ölkəmizdə qızılcaya yoluxma 2013 və 2019-cu ildə daha çox qeydə alınıb.
Onun sözlərinə görə, peyvənd təqviminə əsasən qızılca əleyhinə QPM vaksini ilə (qızılca-parotit-məxmərək əleyhinə) peyvəndlər uşaqların 12 aylığında və 6 yaşı tamam olduqda aparılır. O qeyd edib ki, valideynlər uşaqlarını vaksindən kənarda saxlamamalıdırlar.
Məlumat üçün bildirək ki, hazırda Azərbaycanda uşaqların yoluxucu xəstəliklərdən qorunması üçün 11 infeksiyaya qarşı peyvənd aparılır.