BAKI, 2 mart - Sputnik. Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov etimadnaməsinin surətini İsrail Xarici İşlər Nazirliyinin (XİN) Protokol şöbəsinin rəisi Gil Haskelə təqdim edib.
Bu barədə Azərbaycan səfiri öz Twitter hesabında paylaşım edib.
G.Haskel isə Twitter paylaşımında bildirib ki, tarixi məqamlardan biri İsrail Xarici İşlər Nazirliyinin Protokol şöbəsinin rəisinin 30 illik diplomatik əlaqələrdən sonra Azərbaycanın İsraildəki ilk səfirindən etimadnaməsinin surətini almasıdır.
“Muxtar Məmmədov, İsrailə xoş gəlmisiniz!”, - o yazıb.
Qeyd edək ki, Prezident İlham Əliyev 2022-ci il noyabrın 26-da Azərbaycanın İsrail Dövlətində (Təl-Əviv şəhərində) səfirliyinin təsis edilməsi ilə bağlı sərəncam imzalayıb (Report).
Dövlət başçısının yanvarın 11-də imzaladığı digər sərəncamla Muxtar Məmmədov Azərbaycanın İsraildəki fövqəladə və səlahiyyətli səfiri təyin edilib .