AZƏRBAYCAN XƏBƏRLƏRİ

"8-ci kilometr" bazarı: Başdan-ayağa nöqsan

Yoxlama zamanı fiziki şəxs Məhəmməd Quliyevin iki ayrı piştaxtada temperatur rejimi gözlənilmədən, üzərində etiket məlumatları olmayan kolbasa məhsulları satdığı aşkarlanıb.
Sputnik
BAKI, 2 mart — Sputnik. Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, Bakının Nizami rayonunda "8-ci kilometr" bazarında yoxlama aparılıb.
Yoxlama zamanı fiziki şəxs Quliyev Məhəmməd Sahabətdin oğlunun iki ayrı piştaxtada temperatur rejimi gözlənilmədən, üzərində etiket məlumatları olmayan kolbasa məhsullarının satışını həyata keçirdiyi aşkarlanıb. Aparılan nəzarət tədbiri zamanı Quliyev Məhəmməd Sahabətdin oğlunun və "Sevilən Ad" MMC-yə məxsus qida məhsullarının satışı həyata keçirilən obyektlərin qida təhlükəsizliyi qeydiyyatı olmadan fəaliyyət göstərdiyi müəyyən edilib.
Aşkar olunmuş faktlarla bağlı sanitar-gigiyenik normalara cavab verməyən və ticarət qaydaları gözlənilmədən satışı həyata keçirilən məhsulların satışının qarşısının alınması sahəsində tədbirlər görülüb, müayinələrin aparılması üçün məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Həmçinin obyekt sahibləri barəsində inzibati protokol tərtib edilib. Araşdırmalar davam etdirilir.
Qeyd edək ki, qida obyektləri qida məhsullarının saxlanılması üçün müvafiq qulluq və təmizləməyə imkan yaradan, parazitlərin daxil olması və çoxalmasına yol verməyən, məhsulların saxlanılması zamanı effektiv müdafiəni təmin edən, qida məhsulunun xarab olmasının qarşısını alan mühiti təmin edən avadanlıqlarla təchiz edilməlidir. Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları"nın 22.5-ci bəndinə əsasən, qanunvericiliklə müəyyən edilmiş keyfiyyət və təhlükəsizlik tələblərinə cavab verməyən malların və məhsulların satışı, eyni zamanda satış üçün xüsusi şəraiti olmayan yerlərdə (obyektlərdə) tez xarab olan ərzaq məhsullarının satışı qadağandır. "Qida təhlükəsizliyi haqqında" Qanunun 19.1-ci maddəsinə əsasən, ticarət (xidmət) obyektlərində qida məhsullarının satışına həmin obyektlər qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən olunmuş tələblərə cavab verdiyi və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qeydiyyata alındığı və ya təsdiq edildiyi halda yol verilir.