QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Tarixçi həyəcan təbili çalır: "Şuşada abidələrin bərpası qeyri-peşəkarlara tapşırılıb"

Faiq İsmayılov Şuşada bərpa olunan abidələrimizin səriştəsiz və qeyri-peşəkarlara tapşırıldığını bildirir.
Sputnik
BAKI, 1 mart — Sputnik. "...Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir. Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, Vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir", - deyirdi Ümummilli lider.
2020-ci il Noyabrın 8-də tarixi Şuşa torpağı işğaldan azad olunan gün Prezident İlham Əliyev çıxışında "Əziz Şuşa, biz səni dirçəldəcəyik!" demişdi. Elə ötən il "Şuşa ili" elan olunması da bu tarixi torpağın nə qədər əhəmiyyətli olduğunun bir daha sübutudur. Artıq iki ilə yaxındır ki, Şuşa abadlıq-quruculuq işləri aparılır. Xub, bu tarixi şəhərdə olan abidələrin bərpası səriştəsiz və qeyri-peşəkarlara tapşırılıb".
Bu sözləri Sputnik Azərbaycan-a Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılov deyib.
O, bildirir ki, Şuşada bərpa olunan, bərpası davam edən abidələrdə çox ciddi nöqsanlar var. Bu nöqsanlar davam edərsə, abidələrin tarixiliyinə xələl gələ bilər: "Prezident İlham Əliyev Şuşa işğaldan azad olunan gün Azərbaycan xalqını təbrik edərkən bildirdi ki, Şuşanın tarixiliyini bərpa edəcəyik. Biz əgər Şuşanın tarixiliyini geri qaytaracağıqsa, o zaman Şuşanın öz köhnə gözəlliyini qaytaracağıq və turizmin ən çox inkişaf etdiyi ərazi olacaq. Amma təssüflər olsun ki, istər Yuxarı Gövhər Ağa məscidi, istər Aşağı Gövhər Ağa məscidi, istərsə də Bülbülün ev muzeyində, istərsə də digər abidələrin bərpası zamanı çox ciddi qüsurlara yol verilib".
Tarixçinin sözlərinə görə, abidənin itirilmiş bir elementi gələcəkdə bizim tariximizin və mədəniyyətimizin itirilməsi deməkdir. Buna qətiyyən yol vermək olmaz. Gərək bu məsələ işıqlandırılsın, problem aidiyyatı orqanlara gedib çatsın, prezidentin verdiyi tövsiyyələr qulaqardına vurulmasın.

Ən dəhşətlisi də odur ki, bərpa olunan yerlərə insanlar buraxılmır. Hətta məni də buraxmadılar. Mən beynəlxalq statuslu mütəxəssisəm. Avrasiya Memarlar ittifaqının üzviyəm, eyni zamanda həmin ittifaqın fəxri üzviyəm. "Abidələri Müdafiə Təşkilatı" İctimai Birliyinin sədriyəm. Mən başqa hansı titulu daşımalıyam ki, bərpa prosesi ilə tanış olum, o əraziyə daxil olum?

Ora mütəxəssilər cəlb olunarsa, o zaman nöqsanlar yerindəcə aradan qaldırılar. Mehmandovun evi bərpa olunub, onun dam örtüyü dəmirdəndir. Hansı ki, onun dam örtüyü kirəmitdən olmalı idi. Məgər Azərbaycanda kirəmit yoxdur? Azərbaycanda həm cənub bölgəsində, həm də Şəkidə kirəmit var".
Bərpa prosesləri necə aparılmaldır?
Tarixçi bildirir ki, bərpa prosesinə başlamazdan öncə mütəxəssislərin rəyləri öyrənilmədir: "Şuşa Dövlət qoruğunun nəzdində mütləq elmi şura yaradılmalıdır. Bura tarixçilər, etnoqraflar, memarlar cəlb olunmaldır. Onların rəyi əsasında bərpa işləri aparılmaldır. Məncə qoruğun tərkibində belə bir şura yoxdur. İkinci tərəfdən, Azərbaycanda bərpaçı yoxdur. Buna görə də biz çərinlik çəkirik. Bundan sonra da çətinlik çəkəcəyik. Ona görə də tarixi abidələrimizin restavrasiyası qənaətbəxş deyil".
Məsələ ilə bağlı Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi ilə dəfələrlə əlaqə saxlasaq da cavab ala bilmədik.