BAKI, 1 mart — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev martın 1-də Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Baş direktoru Antonio Vitorinonu qəbul edib. Bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.
Bildirilir ki, Antonio Vitorino Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünə dəvət edildiyinə görə təşəkkürünü bildirdi, bu sammitin hazırda beynəlxalq gündəlikdə duran məsələlərin müzakirəsi baxımından çox yaxşı fürsət yaratdığını deyib.
Azərbaycan ilə Beynəlxalq Miqrasiya Təşkilatı arasında çox sıx əlaqələrin olduğunu vurğulayan dövlətimizin başçısı Qoşulmama Hərəkatının Bakıda keçiriləcək sammitində iştirak etdiyinə görə Antonio Vitorinoya minnətdarlığını ifadə edib. Prezident İlham Əliyev Qoşulmama Hərəkatına sədrlik dövründə ölkəmizin bu Hərəkatın daha da təsisatlanması istiqamətində bir sıra təşəbbüslərlə çıxış etdiyini bildirib.
Ölkəmizlə rəhbərlik etdiyi təşkilatın səmərəli əməkdaşlığına görə təşəkkürünü ifadə edən Antonio Vitorino Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Birinci Dövlət Proqramının əhəmiyyətini vurğulayıb.
Qeyd edib ki, Beynəlxalq Miqrasiya Təşkilatı öz təcrübəsindən çıxış edərək bu prosesə dəstək verə bilər. O, həmçinin deyib ki, bu təşkilat yarandığı gündən bəri dünyanın müxtəlif ölkələrində məcburi köçkünlərin və qaçqınların qayıtması üzrə çox geniş təcrübəyə malikdir və bu təcrübəni Azərbaycan tərəfi ilə bölüşməyə hazırdır.
Antonio Vitorino ölkəmizdə Beynəlxalq Miqrasiya Təşkilatının regional təlim mərkəzinin yaradılmasının vacibliyini qeyd etdi, bu mərkəzin həm Azərbaycanda, həm də region ölkələrində imkanların artırılmasına və peşəkar kadrların hazırlanmasına töhfə verəcəyini deyib.
Qonaq Azərbaycanın qaçqınların müdafiəsi və beynəlxalq miqrasiya üzrə məşvərətçi proses olan 2023-2024-cü illər üzrə Almatı prosesinə sədrliyini qeyd edərək, miqrasiya ilə bağlı davamlı dialoqun və məlumat mübadiləsinin müzakirəsi baxımından bu platformanın əhəmiyyətini vurğulayıb.
Görüşdə azərbaycanlı mütəxəssislərin Beynəlxalq Miqrasiya Təşkilatında və BMT-nin digər strukturlarında təmsilçiliyinin artırılmasının vacibliyi bildirilib.
Antonio Vitorino Azərbaycanın yeni donor ölkə kimi təşkilatın büdcəsinə verdiyi maliyyə töhfələrinin də yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.
***
Qeyd edək ki, Azərbaycan Respublikasının miqrasiya sahəsində çoxtərəfli formatda əməkdaşlıq etdiyi əsas tərəfdaşı kimi Beynəlxalq Miqrasiya Təşkilatı çıxış edir. BMqT 1951-ci ildə təsis edilmiş beynəlxalq hökumətlərarası təşkilatdır və mənzil qərargahı Cenevrə şəhərində yerləşir. Hazırda BMqT 156 üzv-dövləti və 11 müşahidəçi-dövləti özündə birləşdirir.
Azərbaycan Respublikası Hökuməti və BMqT arasında 8 dekabr 1999-cu ildə Bakı şəhərində imzalanmış Əməkdaşlıq Sazişi təşkilat və ölkəmiz arasında əlaqələrə böyük töhfə verib. 2000-ci ilin oktyabrında təşkilatın Baş direktoru Brunson Mak Kinli ilk dəfə olaraq Azərbaycana rəsmi səfər edib və Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev ilə görüşüb. Həmin ilin dekabr ayında Azərbaycan Respublikası təşkilatın təsis aktı olan BMqT-nin Konstitusiyasına (1953-cü il) qoşulub və həyata keçirilən sözügedən əməkdaşlıq fəaliyyətinin nəticəsi olaraq 2001-ci ilin iyun ayında Azərbaycan BMqT-yə üzv qəbul olunub.
1996-cı ildə BMqT-nin Bakı ofisi yarandıqdan sonra Azərbaycanda miqrasiya sahəsi üzrə müxtəlif yardım və texniki layihələr həyata keçirilib. Bu layihələr miqrasiya haqqında maarifləndirmə, qanunvericiliyin təkmilləşdirilməsi, sərhəd idarəçiliyi, qayıdış və reinteqrasiya, insan alverinə qarşı mübarizə və s. sahələri əhatə edib. Bu gün ölkədə BMqT-nin Bakı ofisi ilə yanaşı, 1998-ci ildə təsis edilmiş Naxçıvan ofisi və 2006-cı ildə təsis edilmiş Mingəçevir ofisi fəaliyyət göstərir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.