"Bu baxımdan Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində müzakirələr aparıldı. Bəlli oldu ki, Rusiya və Ermənistan müttəfiq dövlətlər olsalar belə, iki ölkənin münasibətlərində ciddi çatlar var. Nəzərə alsaq ki, Rusiya Dövlət Dumasının sədri Ermənistanı nəzərdə tutaraq ona dövlətçiliyini itirə biləcəyi ilə bağlı xəbərdarlıq etdi. Çünki Ermənistanın son davranışları bunu şərtləndirirdi. Ermənistanın Avropa İttifaqının özündə hərbi elementləri ehtiva edən mülki missiyasını iki il müddətinə qəbul etməsi təbii ki, Moskva ilə münasibətlərə mənfi təsir göstərən amillərdir. Bundan fərqli olaraq Azərbaycanla əlaqələr dinamik inkişaf yolunu tutub. Sergey Lavrov da ifadə etdi ki, ölkəsi Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli bəyanatların icra edilməsinə sadiqdir. Rusiya XİN rəhbəri qeyd etdi ki, regionda dayanıqlı sülhün təmin edilməsi üçün əllərindən gələni edəcəklər".
"Ortada imzalanmış üçtərəfli bəyanatlar var, ancaq hələ də Vətən müharibəsindən sonrakı dövrdə problemlərin həlli istiqamətində həlledici addımlar atılmayıb. Biz burada Ermənistanın destruktiv siyasətini qeyd etməliyik. Ermənistan bölgədə dayanıqlı sülhün bərqərar olmaması üçün əlindən gələni edir. Amma bizim Rusiyadan gözləntimiz odur ki, Şimal qonşumuz Ermənistan üzərindəki təsir imkanlarından istifadə edərək bu siyasətin qarşısını alsın. Xüsusilə də Ermənistanın bölgəmizə Qərb dövlətlərini cəlb etməyə çalışması təhlükəli nəticələrə gətirib çıxara bilər. Ona görə də Rusiyanın bu prosesə müdaxilə etməsi zəruridir. Hazırda biz Rusiyanın Ermənistanın bu siyasətinə qarşı müqavimət göstərdiyini görürük, amma problemlərin həlli yönündə Ermənistana yetərli təzyiqlər edilmir".