SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Elnur Məmmədov BMT-nin Ali komissarı ilə Laçın yolundakı vəziyyəti müzakirə etdi

Görüş zamanı, insan hüquqları sahəsində Azərbaycan və BMT arasında mövcud əməkdaşlıq gündəliyi, cari regional vəziyyət, habelə Laçın yolu ətrafında məsələlər müzakirə olunub.
Sputnik
BAKI, 1 mart — Sputnik. Xarici işlər nazirinin müavini Elnur Məmmədov BMT İnsan Hüquqları Şurasının 52-ci sessiyasında iştirakı çərçivəsində BMT-nin İnsan Hüquqları üzrə Ali komissarı Volker Türk ilə görüşüb.
XİN-dən verilən xəbərə görə, görüş zamanı, insan hüquqları sahəsində Azərbaycan və BMT arasında mövcud əməkdaşlıq gündəliyi, cari regional vəziyyət, habelə Laçın yolu ətrafında məsələlər müzakirə olunub.
Nazir müavini Elnur Məmmədov Azərbaycan və BMT arasında müxtəlif sahələrdə, o cümlədən insan hüquqlarının qorunması sahəsində əməkdaşlığın mövcudluğunu məmnunluqla qeyd edib. Bu xüsusda, əməkdaşlığın daha da genişləndirilməsi üçün perspektivlərin olduğu bildirilib.
Nazir müavini Elnur Məmmədov, həmçinin Azərbaycanın sülh və quruculuq səylərinin Ermənistan tərəfinin davamlı siyasi-hərbi təxribatları ilə üzləşdiyini qeyd edib. Bu xüsusda, Laçın yolu ətrafında Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin haqlı etirazına kölgə salmaq məqsədilə Ermənistan tərəfindən guya Azərbaycanın erməni sakinlərini "blokadaya" alması, bölgədə "humanitar böhran" vəziyyətinin yarandığına dair həqiqəti əks etdirməyən mövqeyin sərgilənməsinin beynəlxalq ictimaiyyəti yanlış yönləndirməyə hesablandığı bildirilib. Azərbaycan Respublikasının bütün vətəndaşları kimi, bölgədə yaşayan erməni sakinlərin də təhlükəsizliyini təmin etməyə hazır olduğu vurğulanıb.
Görüş zamanı, eyni zamanda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.