BAKI, 1 mart — Sputnik. Azəbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstana işgüzar səfər çərçivəsində bu ölkənin Milli Bankının sədri Qalimjan Pirmatovun başçılıq etdiyi heyət ilə görüşüb.
AMB-dan bildirilib ki, görüşdə Azərbaycan və Qazaxıstan mərkəzi bankları arasında əməkdaşlığın inkişaf istiqamətləri müzakirə edilib.
Həmçinin mövcud makroiqtisadi vəziyyət, qlobal iqtisadi proseslərin ölkə iqtisadiyyatına təsirləri, pul siyasəti alətlərinin təkmilləşdirilməsi, ödəniş sistemlərinin inkişafı, rəqəmsal valyutanın yaradılması və digər mövzularda müzakirələr aparılıb.
Xatırladaq ki, bundan öncə Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov özünün "Twitter" hesabında yazıb:
"27 fevral–2 mart tarixlərində Tacikistan və Qazaxıstan mərkəzi bankları, Qazaxıstan Maliyyə Bazarlarının Tənzimlənməsi və İnkişafı Agentliyi, həmçinin Astana Beynəlxalq Maliyyə Mərkəzinin rəhbərliyi ilə görüşlərin keçirilməsi məqsədilə işgüzar səfərə yola düşdük".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.