CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Azərbaycan" gəmisinin istismara verilməsindən 2 il ötür

İndiyədək "Azərbaycan" gəmisi ilə ümumilikdə 322 reys həyata keçirilib və 1073 vaqon, 2596 ədəd minik avtomobili, 10178 ədəd yük avtomobili/TIR, 11159 nəfər sərnişin daşınıb.
Sputnik
BAKI, 1 mart — Sputnik. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) sifarişi ilə "Bakı Gəmiqayırma Zavodu" MMC-də inşa olunan ilk milli "Ro-Pax" tipli "Azərbaycan" gəmi-bərəsinin istismara verilməsindən 2 il ötür.
Gəminin istismara verilməsi mərasimi 1 mart 2021-ci ildə Prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə baş tutub.
İndiyədək "Azərbaycan" gəmisi ilə ümumilikdə 322 reys həyata keçirilib və 1073 vaqon, 2596 ədəd minik avtomobili, 10178 ədəd yük avtomobili/TIR, 11159 nəfər sərnişin daşınıb.
Qeyd edək ki, "Azərbaycan" gəmi-bərəsi Britaniya Kral Dəniz Mühəndisləri Cəmiyyətinin (RİNA) "Significant Ship 2021" reytinqinə əsasən dünyanın ən yaxşı 50 gəmisi siyahısına daxil edilib.
Xatırladaq ki, Azərbaycan Prezidentinin "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında 22 oktyabr 2013-cü il tarixli 6 nömrəli və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında 10 yanvar 2014-cü il tarixli 213 nömrəli Sərəncamlarına əsasən, respublikada mövcud olan iki böyük donanmanın – Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasının birləşdirilərək yenidən təşkil olunması yolu ilə yaradılıb.
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin tərkibinə nəqliyyat donanması ilə yanaşı, ixtisaslaşdırılmış donanma və gəmi təmiri zavodları daxildir.
Nəqliyyat donanmamızın tərkibində 54 gəmi, o cümlədən 20 tanker, 13 gəmi-bərə, 15 universal quru yük gəmisi, 2 Ro-Ro tipli gəmi, 2 Ro-Pax tipli gəmi, eləcə də 1 texniki gəmi və 1 üzən emalatxana vardır. İxtisaslaşdırılmış donanma isə 204 gəmidən, o cümlədən 22 kran, 18 təchizat-yedək, 25 sərnişin, 2 borudüzən, 6 yanğınsöndürən, 5 mühəndis-geoloji, 10 dalğıc, 116 xidməti və köməkçi gəmidən ibarətdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.