BAKI, 27 fevral — Sputnik. Elm və təhsil naziri Emin Əmrullayev məntəqə seçki komissiyaların üzvlərinin müəllimlərdən təşkil olunması ilə bağlı sualı cavablandırıb. O, bildirib ki, təhsil işçilərinin seçki müddətində iştirakı dövrü xarakter daşıyır.
"Fikrimcə, həmin müddətdə onların əməkhaqları olduğu kimi saxlanılaraq bu işdə iştirakında heç bir qanun pozuntusu yoxdur", - deyə nazir bildirib.
Emin Əmrullayev onu da qeyd edib ki, adətən kənd yerlərində ali təhsilli insanlar məktəbdə olduğundan onların seçki prosesinə dəstəyi müsbətdir:
"Təhsil işçilərinin təşkilatçılıq qabiliyyəti olduğundan öz arzu və istəyi ilə seçki prosesinə cəlb olunmasında maneə görmürəm. Bütövlükdə isə onlar bu işə təyinatla göndərilmir".
Xatırladaq ki, müəllimlərin seçki prosesində iştirakı cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Çox vaxt seçki prosesində baş verən neqativ hallarda müəllimlərin adının hallanması, onların nüfuzunu aşağı salır və ümumilikdə bütün müəllimləri tənqid hədəfinə çevirir. Ona görə də, müstəqil ekspertlər hesab edirlər ki, müəllimlər seçki prosesində neqativ hallara alət edilməməlidir.