RUSİYA

Lavrov: BRICS və ŞƏT-ə qoşulmaq istəyən ölkələrin sayı 20-yə çatıb

Rusiyanın xarici işlər naziri bildirib ki, bu təşkilatlara qoşulmaq istəyən ölkələrin sayı son iki ildə artıb.
Sputnik
BAKI, 27 fevral — Sputnik. BRICS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) və Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) qoşulmaq istəyən ölkələrin sayı 20-yə çatıb.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ərazi qurumlarının rəhbərləri ilə Xarici İşlər Nazirliyinin nümayəndələri arasında keçirilən görüşün açılışında deyib.
Onun sözlərinə görə, bu təşkilatlara qoşulmaq istəyən ölkələrin sayı son iki ildə, xüsusən də Rusiyanın Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyat zamanı artıb.
Lavrov qeyd edib ki, söhbət öz regionlarında mühüm rol oynayan dövlətlərdən - Misir, Türkiyə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya, Meksika və bir sıra Afrika ölkələrindən gedir.
Bu yaxınlarda xəbər verilib ki, Çinin xarici işlər naziri Van İ Rusiyanın Çindəki səfiri İqor Morqulovla görüşündə Pekinin ŞƏT və BRICS ölkələri arasında koordinasiyanı gücləndirməyə çağırdığını bildirib.