BAKI, 25 fevral - Sputnik. Son aylar Laçın yolundan 3000-dən yuxarı nəqliyyat vasitələrinin keçməsi və digər faktlar nəzərə alınmaqla, Laçın yolunun guya Azərbaycan tərəfindən bağlanması, erməni sakinlərinə qarşı “blokada” tətbiq edildiyi və “gərgin humanitar vəziyyət” yarandığı barədə Ermənistan tərəfinin iddiaların heç bir əsası yoxdur.
Xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Draqana Kojiçlə görüşündə bunu deyib.
Görüşdə nazir Ceyhun Bayramov BQXK-nın ölkəmizdə həyata keçirdiyi fəaliyyətin əhəmiyyətini qeyd edib. Daha sonra, Laçın yolundan BQXK daxil olmaqla avtomobillərin, yüklərin və vətəndaşların sərbəst hərəkəti istiqamətində səylərdən məmnunluq ifadə olunub. Etirazlara səbəb olan vəziyyətin aradan qaldırılmasının vacib olduğu bildirilib.