BAKI, 25 fevral — Sputnik. Birinici Qarabağ müharibəsindən bəhs edən "Fəryad" filminin lentə alınmasından 30 il keçir. Filmin hazırlığına 1992-ci ilin sonlarında başlanmışdı. Çəkilişlərə 1993-cü ilin yanvarında start verilib. Ona qədər aktyorların seçimi üçün sınaq çəkilişləri keçirilirdi. İsmayıl roluna çox aktyor sınağa dəvət edilib, hətta Fəxrəddin Manafov.
Ssenari müəllifi Vaqif Mustafayevlə rejissor Ceyhun Mirzəyev "İsmayıl obrazının canlı alınması üçün aktyor oynamalı yox, yaşamalıdır" — deyə qərara gəlirlər ki, Ceyhun Mirzəyev özü çəkilsin.
"Fəryad" k/f
© Photo : Azərbaycan Dövlət Film Fondu
Filmin operatoru Kənan Məmmədov isə Ceyhunun Mirzəyevin dolu bədənli olduğunu arqument gətirib, alınmayacağından ehtiyat edirdi. Lakin yaradıcı heyətin son qərarı Ceyhun Mirzəyev olub. Çəkilişlər səkkiz ay davam edib. Filmin çəkilişləri Goranboy rayonunda, Murov dağının ətəyində aparılıb. "Fəryad" filminin əsas qəhrəmanı İsmayılın Xankəndində əsir saxlandığı yer "Azərbaycanfilm" kinostudiyasının pavilyonunda qurulub, çəkilib.
Onu da deyək ki, ssenari real hadisələr əsasında yazılıb, İsmayıl real obrazdır. Ssenari müəllifi və rejissor əsirlikdən qaytarılan, hospitalda yatan həmin adamla görüşüblər. Filmdəki zirzəmi səhnəsi 5-ci kardioloji xəstəxananın zirzəmisində lentə alınıb.
"Fəryad" k/f
© Photo : Azərbaycan Dövlət Film Fondu
Filmin operatoru Kənan Məmmədov söyləyir ki, o çətin çəkiliş prosesində Ceyhun Mirzəyevin filmi, obrazı necə yaşadığını görüb, onun haqqında "rola uyğun deyil" rəyi verməkdə yanıldığını anlayır. Operator əlavə edir ki, filmdə Xocalı sakinləri də çəkilib: "Filmdəki ən ağır səhnələr Murovdağın ətəyində lentə alınıb. Naftalanda pansionatda Xocalı qaçqınları yaşayırdı. Çəkiliş heyəti ilə getdik onlarla danışdıq ki, Xocalı faciəsini filmə çəkirik, gəlin həmin səhnədə özünüz çəkilin ki, daha canlı olsun. Canla-başla razılaşdılar. Onlar düşünürdülər ki, elə bir filmin çəkilməsi təbliğat vasitəsi kimi xeyrimizə işləyər, yurdlarına qayıtmağa kömək edən bir detal olar. Filmdə qarın üstünə yıxılan yaralı insanlar Xocalı sakinləri özləridir".
Kənan Məmmədov danışır ki, İsmayılın döyüldüyü, işgəncə verildiyi kamera səhnələri Bayıl həbsxanasında lentə alınıb: "Stalinin yatdığı kamera ilə üzbəüz kamerada çəkdik. Ceyhunun öz paltarının altından ona zirehli gödəkçə geyindirmişdik, amma onları soyunanda gördük ki, bədənində döyülən yerlər göyərib. Sən demə zirehli gödəkçəni soyunubmuş. O istəyirdi ki, o ağrıları hiss etsin".
"Fəryad" k/f
© Photo : Azərbaycan Dövlət Film Fondu
Kadrların yaxşı alınması üçün təbii ki, həmin anda nə operatoru, nə ssenari müəllifini insanların nə yaşadığı barədə düşünməyə vaxtları belə olmayıb: Biz dedik ki, "Sən burdan yıxıl, sən belə qışqır" deyə göstəriş verirdik. Bir də gördüm, kimsə hönkürüb ağlayır. Dönüb gördüm Ceyhun Mirzəyevdir. "O faciədən sağ çıxanlara burda onu yenidən yaşadıb, öldürməyək, dayandırın" dedi".
Kadrlar o qədər real alınır ki, o vaxt televiziyalar real Xocalı kadrları ilə filmin kadrlarını süjetlərdə bəzən dəyişik salıb verirdilər. Filmdə istifadə edilən silahları kinostudiyanın pirotexnika şöbəsinin rəhbəri Əlibala Məmmədov tapmışdı, bəzilərini şöbənin anbarından, bəzilərini də hərbi hissələrdən.
"Fəryad" k/f
© Photo : Azərbaycan Dövlət Film Fondu
Filmdə rol alan kaskadyor Əli Məmmədov bildirir ki, həmin vaxt müharibdə olub: "Xüsusi Təyinatlı Qüvvələrdə olduğuma görə mənə 15 günlük istirahət verirdilər. Həmin vaxt Ceyhun müəllim mənə bu filmdə çəkilməyi təkilf etdi. Mənim kaskadyor qrupum həmin ərəfələrdə dağılmışdı. Çünki, müharibə idi, hamısı müharibəyə getmişdi. Mən tək çəkilirdim. Orada erməninin BTR-dən çıxma səhnəsi, ermənin evində yanğın olan səhnədə, Goronboyda çəkilmiş bəzi səhnələrdə mən çəkilmişdim. Həmin dönəm çox çətin idi. Goranboyda su tapılmırdı. Digər çəkilişlərdə də çox əziyyət çəkirdik. Filmin bu qədər sevilməsinin səbəbi də bəlkə də o idi ki, həmin dönəmlər döyüşlərin qızğın getdiyi vaxtlar idi. Bütün çəkil heyəti, xüsusilə də Ceyhun Mirzəyev bütün qəlbi ilə filmə köklənmişdi. Heç kəsi alacağı qonorar maraqlandırmırdı. Elə ona görə də mərhumun ürəyi dözmədi, filmi ekranlarda görə bilmədi".
Filmin büdcəsi yox dərəcəsində olduğundan hamı Qarabağ mövzusu üçün müəyyən güzəştlər edirdi. Hətta musiqiləri AzTV-nin səsyazma studiyalarında səsləndirilib. Bunun üçün bəstəkar Cavanşir Quliyev sədrə müraciət edib və razılıq alıb.
"Fəryad" k/f
© Photo : Azərbaycan Dövlət Film Fondu
Cavanşçir Quliyev bildirir ki, filmdə səslənən "Qarabağ marşı"nı "Fəryad" üçün bəstələyib: "Həmin musiqini 1993-cü ildə çəkilən "Fəryad" filmi üçün yazmışdım. Ümumiyyətlə, filmin musiqisi həcm etibarilə çox idi. Marşın filmə daxil olmamasının özəl bir səbəbi yoxdur. Mən və filmi montaj edən Vaqif Mustafayev xorun ifasını o zaman lazım bilmədik. Bu musiqi filminin finalında orkestrin ifasında səslənir".
Cavanşir Quliyev danışır ki, Ceyhun səhnələr təbii alınsın deyə özünü həqiqətən döydürürdü. Onu kaskadyorun əvəz etməsi təklif edilsə də, razı olmadı. Bir kadr isə dəfələrlə çəkilirdi: "Bəlkə də o döyülən səhnələrdə ürəyindəki tromb tərpənib deyə az sonra ürəyi partladı".
"Ögey ana"dakı İsmayılı bu filmə gətirmək ideyası isə çəkiliş prosesində Ceyhunun öz ağlına gəlib. Yaradıcı qrup ideyanı bəyənib, bir əlavə ilə — İsmayılın cəbhəyə yola salındığı kadra "Ögey ana"dan balaca İsmayılın atasının arxasınca ağladığı səhnəni salmaqla məsələ həll olunub.
"Fəryad" k/f
© Photo : Azərbaycan Dövlət Film Fondu
Filmdə rus və gürcü aktyorlar da çəkilib, epizodik kadrlarda. Erməni dilində danışılan səhnələri isə İrəvan teatrının aktyoru Vidadi Əliyevlə oğlu, SOY kompaniyasının rəhbəri Oqtay Əliyev səsləndiriblər. Yalnız Məlik Dadaşov öz hissələrində səsini başqasının səsləndirməsinə razı olmayıb. Aktyor özü mətni erməni dilinə tərcümə etdirib, əzbərləyib və səsləndirib. Görünür, bu qədər təbii oynadığı üçün aktyor sonralar küçəyə çıxa bilmirmiş, hamı onu "erməni" adlandırırmış. Bir dəfə hətta onu döymək istəyən kütlənin əlindən aktyoru sənət dostları güclə alıblarmış.
Filmin operatoru bildirir ki, filmin montaj prosesi gedəndə Ceyhun Mirzəyev haqqında televiziyada veriliş hazırlanırmış. Çəkilişlər vaxtı, sonra montaj prosesində qəribə tələskənlik varmış Ceyhun Mirzəyevdə, çalışırmış ki, tez bitirsin filmi: "Kinostudiyadan montajdan çıxanda deyib ki, gedirəm görüm, hazırladıqları verilişi necə montaj ediblər və yollanıb Azərbaycan televiziyasına. Orada halı pisləşib. Onun haqqında veriliş hazırlayan Hicran Hüseynov Ceyhunu tez evinə çatdırıb. Evdə qızı Cəmiləni çağırıb, onun üzünə baxıb və gözlərini yumub. Təcili yardım gələndə artıq keçindiyi məlum olub".
"Fəryad" k/f
© Photo : Azərbaycan Dövlət Film Fondu
Unudlumaz sənətkar Ceyhun Mirzəyev Doğulduğu Ağdamın Abdal-Gülablı kəndinin itkisinə, Xocalı faciəsinə, Qarabağ dəhşətlərinə heç cür dözmürdü. Filmin post-prodakşn mərhələsini və ekranlara çıxmasını görmək mərhum sənətkara qismət olmayıb. Mərhum sənətkar 5 mart 1993-cü ildə 46 yaşında vəfat edir.
"Fəryad" filmi bu gün də Qarabağ müharibəsi haqqında çəkilən ən səmimi film hesab edilir. Ceyhun Mirzəyev filmin çəkilişlərində tez-tez ürək ağrılarından şikayət edirmiş. Xanımı Lidiya Mirzəyeva müsahibəsində demişdi ki, Ceyhun çəkilişlərdən evə gələndə elə bil müharibənin özündən gəlirdi, döyüşdən çıxana oxşayırdı: "Gecəni də yata bilmirdi, ah-ufla o tərəf, bu tərəfə çevrilirdi yatağında".
"Fəryad" k/f
© Photo : Azərbaycan Dövlət Film Fondu
Film isə öz həyatını davam etdirir — rejissorun həyatı yarıda qırılsa da. Montaj da olur, premyera da. Sonralar müxtəlif mükafatlara layiq görülür. Ölümündən sonra Ceyhun Mirzəyev də "Humay" mükafatına layiq görülür. Vaqif Mustafayev isə ssenariyə görə "Tağıyev" mükafatı alıb. Ssenari müəllifi Vaqif Mustafayev, quruluşçu rejissor Ceyhun Mirzəyev, quruluşçu operator Kənan Məmmədov, quruluşçu rəssam Rafiz İsmayılov, bəstəkar Cavanşir Quliyevdir. Rollarda Ceyhun Mirzəyev, Məlik Dadaşov, Hacı İsmayılov, Liana Qudadze, Fikrət Məmmədov, Nəcibə Behbudova və başqaları çəkilib.