BAKI, 24 fevral-Sputnik. Milli Məclisdə S.İ.Bəktaşinin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi məsələsinə baxılıb.
Parlamentin bugünkü iclasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Bakı Apellyasiya Məhkəməsinin hakimi Səadət İnayət qızı Bəktaşinin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi ilə bağlı məsələni təqdim edib.
O, Səadət Bəktaşinin məhkəmə sistemində fəaliyyəti barədə ətraflı məlumat verib, onun öz peşəsinə məsuliyyətlə yanaşdığını, icra etdiyi vəzifələrin öhdəsindən layiqincə gəldiyini qeyd edib. Əli Hüseynli Naxçıvanda həyata keçirilən islahatların həm də məhkəmə-hüquq sistemini əhatə etdiyini söyləyərək, bu baxımdan S.Bəktaşinin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsinə təyin olunduqda, öz təcrübəsindən istifadə edərək bu islahatlara öz töhfəsini verəcəyini deyib.
Deputatlar Bakı Apellyasiya Məhkəməsinin hakimi Səadət Bəktaşinin hazırki fəaliyyətini və yeni təyinatını təqdirəlayiq hesab ediblər.
Məsələ səsə qoyularaq qəbul edilib.