AZƏRBAYCAN XƏBƏRLƏRİ

İş adamları və restoran sahibləri ağacları qanunsuz kəsdirib yerində obyekt tikdiriblər

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.
Sputnik
BAKI, 24 fevral — Sputnik. Bakıda məşhur restoranın rəhbərliyi ağacları qanunsuz olaraq kəsdirib. Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.
Belə ki, Xidmətin əməkdaşlarının keçirdiyi nəzarət tədbirləri zamanı Bakı şəhərinin Nizami rayonunda, eyni zamanda Lənkəran, Xaçmaz, Bərdə və Goranboy rayonları ərazisində ağacların qanunsuz kəsildiyi müəyyən edilib.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı ağacların Nizami rayonu Mikayıl Əliyev küçəsi 9 ünvanında "Neolit" restoranı, Lənkəran rayonu Təngivan kəndində "Profco" MMC, Xaçmaz-Xudat avtomobil yolunun kənarında Nərəcan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, Bərdə rayonu Tumaslı kəndində kənd sakini Taleh Orucov, Goranboy rayonu Səfikürd kəndində kənd sakini Arif Yusifov tərəfindən kəsildiyi məlum olub.
Faktlarla bağlı akt tərtib edilib.
Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.