AZƏRBAYCAN XƏBƏRLƏRİ

Paytaxt yollarında sürət həddi endirilib

Hava şəraiti ilə əlaqədar olaraq bəzi yollarda sürət həddi 20 km/saat endirilib.
Sputnik
BAKI, 24 fevral — Sputnik. Hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti, Aeroport şosesi, Mərdəkan şosesi, Buzovna-Zaqulba yolu və Zığ şosesində sürət həddi 20 km/saat endirilib.
Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Qeyd edək ki, bu gün Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) qeyri-sabit hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib.
BDYPİ-nin mətbuat xidmətindən bildirilib ki, müraciətdə İdarə hərəkət iştirakçılarından ehtiyatlı olmağı, yollarda meydana gələ biləcək qəzaların və digər xoşagəlməz halların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görməyi, nəqliyyat vasitələrinin texniki sazlığından əmin olmağı, yola çıxmazdan əvvəl avtomobilin şüşə silgəclərinin və şüşəyuyanların, habelə xarici işıq cihazlarının işlək vəziyyətdə olmasına nəzarət etməyi, sürət həddini yol və hava şəraitə uyğun seçməyi, zərurət olmadan ötmə əməliyyatı aparmaqdan, qəfil manevr və kəskin tormozlamadan çəkinməyi xahiş edir.
Yol hərəkətinin ən müdafiəsiz iştirakçıları olan piyadalar da öz növbəsində ehtiyatlı olmalı, yolu onların hərəkəti üçün nəzərdə tutulmayan hissəsindən keçməməli, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan davranışlardan çəkinməlidirlər.
Qeyd edək kki, bu gün Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı, bəzi yerlərdə yağışın sulu qarla qarışıq yağacağı, gecə və səhərin erkən saatlarında Abşeron yarımadasının şimalında qısamüddətli qar yağacağı proqnozlaşdırılıb.
Havanın temperaturu 3°-dək isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 776 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Axşam əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu 3-6° isti, dağlarda 3-8° şaxta olacaq. Yollar buz bağlayacaq.