Son vaxtlar cəmiyyətdə Bakıda ətin qiymətinin tezliklə bahalaşacağı ilə bağlı söhbətlər gedir. Sputnik Azərbaycan bunun nə dərəcədə doğru olduğunu və paytaxt sakinlərinin bu barədə fikirlərini öyrənib.
Keşlə qəsəbəsindəki bazarda fəaliyyət göstərən qəssablar bildirdilər ki, hazırda ətin qiyməti sabitdir. Lakin onlar yaxın vaxtlarda onun bahalaşa biləcəyini də istisna etməyiblər.
"Biz iri və kiçikbuynuzlu mal-qaranın çəkisini ölçüb alırıq, lakin onları doğrayıb hissələrə ayıranda çəkidə itkinin olmasının şahidi oluruq. Bilmirik, bazarda iribuynuzlu mal-qaraya iynə (inyeksiya) vururlar, ya duz verirlər ki, onların xalis çəkisi daha çox olsun?! Ancaq ətin çəkisi gözləniləndən az olur", - deyə satıcılardan biri bildirib.
Yeri gəlmişkən, bu gün sümüklü mal ətinin 1 kiloqramı 13,5 manata, sümüksüz mal əti 16 manata, qoyun əti 15 manata, quzu əti isə 16 manata satılır. Bəzi alıcılar qiymətləri kifayət qədər yüksək hesab edirlər.
"Çox bahadır. Az adam bu qiymətə ət ala bilər. İnsanlar var ki, aylarla ət yemirlər", - deyə müştərilərdən biri qeyd edib. Daha ətraflı - videomuzda.