BAKI, 24 fevral - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.
Bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.
Danışıq zamanı Türkiyədə baş verən zəlzələlər və Rusiya-Ukrayna müharibəsi ilə bağlı məsələlər müzakirə edilib.
Prezident Ərdoğan zəlzələ ilə bağlı göstərdiyi həmrəyliyə görə rusiyalı həmkarına təşəkkür edib.
Bundan əlavə o, Rusiya-Ukrayna müharibəsində daha çox insan ölümü və dağıntılar olmadan ədalətli sülhün bərqərar olunmasının vacibliyini vurğulayıb.
Prezident Ərdoğan İstanbulda əldə olunan razılaşmanın canlandırılmasını istədiyini və hər cür töhfə verməyə hazır olduğunu bildirib.
Türkiyə Prezidenti Administrasiyasının məlumatına görə, Rəcəb Tayyib Ərdoğan Fransa Prezidenti Emmanuel Makron ilə videokonfrans vasitəsi ilə danışıb.
Telefon danışığı zamanı Makron Türkiyənin bir sıra şəhərlərində baş verən zəlzələlərlə bağlı Ərdoğana başsağlığı verib.
Videokonfrans formatında baş tutan görüşdə Türkiyə lideri Fransanın bu müddətdə sərgilədiyi dəstək və həmrəyliyə görə Makrona minnətdarlığını bildirib.
Eyni zamanda, danışıq zamanı Türkiyə-Fransa münasibətlərinə dair xüsuslar ətrafında da fikir mübadiləsi aparılıb.