PAYTAXT XƏBƏRLƏRİ

Bakıda bir neçə küçədə hərəkət məhdudlaşdırılacaq

Avtomobil sahiblərinə və sürücülərə, keçirilən anım mərasiminin ölkə əhəmiyyətli olduğunu nəzərə alıb qeyd edilən istiqamətlər üzrə şəxsi avtomobillərdən istifadə etməmək tövsiyə edilir.
Sputnik
BAKI, 24 fevral — Sputnik. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar fevralın 26-da Xətai rayonunun Xocalı prospektində yerləşən “Ana fəryadı” abidəsi önündə keçiriləcək anım tədbiri ilə bağlı müraciət edib.
İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar keçirilməsi nəzərdə tutulan tədbirdə təhlükəsizliyin təmin edilməsi məqsədilə saat 08:00-dan tədbir bitənədək Xocalı prospektində və bu istiqamətdə kəsişən və ya paralel olan Mehdi Mehdizadə, Kamandar Əhmədov, Ayaz İsmayılov, Süleyman Vəzirov və İzzət Orucov küçələrində də avtomobillərin hərəkəti məhdudlaşdırılmaqla istiqamət dəyişdiriləcək.
Avtomobil sahiblərinə və sürücülərə, keçirilən anım mərasiminin ölkə əhəmiyyətli olduğunu nəzərə alıb qeyd edilən istiqamətlər üzrə şəxsi avtomobillərdən istifadə etməmək tövsiyə edilir. Anım mərasimində iştirak etmək istəyənlərdən ictimai nəqliyyat vasitələri ilə hərəkətə üstünlük vermələri xahiş olunur.