İQTİSADİYYAT

Azərbaycanda gömrük dəyərinin müəyyən edilməsi üsulları dəyişəcək

İslahatın əsas hədəfi bir tərəfdən gömrük dəyərinin düzgün olmasını, digər tərəfdən isə dəyərin qısa müddətdə və vaxtında müəyyən edilməsini təmin etməkdir.
Sputnik
BAKI, 24 fevral — Sputnik. Gömrük dəyəri istiqamətindəki islahatlar sahibkarların əlavə xərc və vaxt itkisinin qarşısını alacaq.
Bunu İqtisadiyyat nazirinin birinci müavini, "Beynəlxalq ticarət" işçi qrupunun rəhbəri Elnur Əliyev Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasının bu gün təşkil etdiyi "Rəqəmsal İdarəetmə Platforması və yeni iqtisadi təşəbbüslərin təqdimatı" mövzusundakı konfransda çıxışı zamanı bildirib.
O qeyd edib ki, islahat prosesi davam edir, gömrük dəyərinin müəyyən edilməsinin üsullarının tətbiqinə dair qaydalar Nazirlər Kabineti tərəfindən müəyyən olunacaq. Hazırda "Beynəlxalq ticarət" işçi qrupu çərçivəsində bu istiqamətdə işlər görülür: "İslahatdan bizim əsas hədəfimiz bir tərəfdən gömrük dəyərinin düzgün olmasını, digər tərəfdən isə dəyərinin qısa müddətdə və vaxtında müəyyən edilməsini təmin etməkdir".
"Bu baxımdan dəyişikliklər gömrük dəyəri ilə bağlı mübahisəli hal yarandıqda sahibkarlar üçün əlavə xərc və vaxt itkisinin qarşısının alınmasına, müvafiq dövlət orqanlarının resurslarının səmərəli istifadəsi məmur-sahibkar təmasının minimuma endirilməsinə düzdün gömrük dəyərinin müəyyən edilməsinə və mütərəqqi təcrübənin təkmilləşdirilməsinə şərait yaradacaq",- deyə E.Əliyev bildirib (report).