BAKI, 24 fevral — Sputnik. Ukraynaya müdafiə üçün deyil, hücum məqsədi ilə uzaqmənzilli raketlər göndərən Qərb praktiki olaraq öz məqsədlərini açıq şəkildə bəyan edib, lakin Kiyev Rusiya Federasiyasının ərazisinə dərin zərbələr endirməyə cəsarət etməyəcək. Bunu Türkiyə Silahlı Qüvvələrinin istefada olan generalı, türkiyəli hərbi ekspert Yücel Karauz bildirib.
Xatırladaq ki, Rusiya Federasiyası Ukraynaya silah tədarük etdiyi üçün bundan əvvəl NATO ölkələrinə nota göndərmişdi. Rusiyanın xarici işlər naziri Sergey Lavrov daha əvvəl Ukrayna üçün silah olan istənilən yükün Rusiya üçün qanuni hədəfə çevriləcəyini bildirib. O bəyan edib ki, "NATO ölkələri Ukraynaya silah verməklə "odla oynayır".
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Ukraynaya Qərbdən silahların göndərilməsi Rusiya-Ukrayna danışıqlarının uğuruna kömək etmir və mənfi təsir göstərəcək.
"Qərb Ukraynaya uzaqmənzilli raketlər göndərməkdə davam edir. Onlar nəyə nail olmağa çalışırlar? Başa düşmək olar ki, bu raketlər müdafiə deyil, hücum xarakteri daşıyır. Bu qanunsuzdur və ehtiyatsızlıqdır, Kiyev bunun nəticələrini bilə-bilə buna cəsarət etməyəcək", - türkiyəli hərbi ekspert bildirib.
Onun sözlərinə görə, bundan başqa, Qərb Aİ missiyası ilə Cənubi Qafqazda Rusiyaya qarşı yeni cəbhə açmağa çalışır.
"Fransız jandarmlarının və alman polisinin Aİ missiyasına daxil edilməsi ayı xidmətindən başqa bir şey deyil. Bu, ədalətsizliyi və qanunsuzluğu normal vəziyyət kimi təqdim etmək cəhdidir", - təqaüddə olan general vurğulayıb.
Azərbaycan Müdafiə Nazirliyi Aİ mülki missiyasına başlayandan bəri ilk dəfə Ermənistan tərəfini Azərbaycan mövqelərini beş istiqamətdə atəşə tutmaqda ittiham edib. Ermənistan Müdafiə Nazirliyi isə bu açıqlamanı təkzib edib.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirmişdi ki, Moskva Aİ-nin Ermənistanda möhkəmlənmək istəyində sırf geosiyasi maraqları görür və bu təşəbbüslər Cənubi Qafqazda münasibətlərin normallaşması maraqlarından uzaqdır. Bununla da Rusiyanı regiondan sıxışdırıb çıxarmaq və təhlükəsizliyin əsas təminatçısı kimi tarixi rolunu zəiflətmək məqsədi həyata keçirilir.