BAKI, 23 fevral — Sputnik. Dünya birjalarında neft qiymətləri nisbətən bahalaşıb. "Brent" neftinin dəyəri 0,38% artaraq 1 barelə görə 80,91 dollar, "WTI" markalı neftin 1 barelinin qiyməti 0,45% artaraq 74,28 dollar olub.
Azərbaycan neftinin qiyməti isə 1,94 dollar və ya 2,3% azalaraq 82,4 dollar olub.
Qeyd edək ki, ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) fevral iclasının protokolları açıqlandıqdan sonra neft qiymətləri yüksəlib. FED-in protokolları dərc edildikdən sonra dollarda cüzi ucuzlaşma qeydə alınıb. Bu da neft bazarına müsbət təsir göstərib.
Protokollara görə, ABŞ-da inflyasiyanı 2%-ə endirmək üçün sərt pul siyasətinin bir müddət də davam edəcəyi bildirilib. Narahatedici sərt mesajların yer almadığı protokollar dərc edildikdən sonra dollarda bir qədər ucuzlaşma müşahidə edilir.
Fevral ayında FED uçot dərəcəsini 0,25 faiz artıraraq faiz dərəcəsi 4,50 faizdən 4,75 faizə çatdırılıb. Qeyd edilib ki faiz dərəcəsinni artırılmasının səbəbi inflyasiyanı 2 faizə endirməkdir. Eyni zamanda, FED sədri Jerome Povel ABŞ Federal Ehtiyat Sisteminin inflyasiyanı cilovlamaq üçün faiz dərəcələrini daha da artıracağı ehtimalının olduğunu da bildirib.
2022-ci ildə FED uçot dərəcəsini 7 dəfə artırıb.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb.
"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.