İQTİSADİYYAT

Azərbaycanda elektrik enerjisi bazarı yaradılır - Yeni qanun gəlir

"Elektroenergetika haqqında" 42 maddədən ibarət yeni qanun layihəsi hazırlanıb. Yeni qanunun 4-cü fəsli "Elektrik enerjisi bazarının təşkili və fəaliyyəti" adlanır.
Sputnik
BAKI, 23 fevral — Sputnik. Azərbaycanda elektrik enerjisi bazarının təşkili və fəaliyyəti qaydaları müəyyənləşib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu, "Elektroenergetika haqqında" yeni hazırlanmış qanun layihəsində öz əksini tapıb.
Yeni qanunun 4-cü fəsli "Elektrik enerjisi bazarının təşkili və fəaliyyəti" adlanır.
Yeni qanun layihəsinin 21-ci maddəsinə əsasən, elektrik enerjisinin alqı-satqısı elektrik enerjisi bazarında həyata keçirilir.
Elektroenergetika subyektləri bu qanun və topdansatış bazarı qaydaları ilə müəyyən edilmiş hallarda və qaydada topdansatış bazarında elektrik enerjisini sata və ala, habelə onunla bağlı xidmətlər göstərə və əldə edə bilərlər.
Təchizatçı pərakəndə satış bazarı qaydalarına uyğun olaraq pərakəndə satış bazarında elektrik enerjisi istehlakçılarına elektrik enerjisi sata bilər.
Elektrik enerjisi bazarının subyektləri aşağıdakılardır:
elektrik enerjisi istehsalçıları;
ötürücü sistem operatoru;
paylayıcı sistem operatoru;
qapalı paylayıcı şəbəkə operatoru;
bazar operatoru;
təchizatçı (topdan və pərakəndə satış üzrə);
istehlakçılar.
Elektrik enerjisi istehsalçıları və təchizatçıları elektrik enerjisinin idxalı və ya ixracına icazə alaraq Azərbaycan Respublikasının ikitərəfli və ya çoxtərəfli beynəlxalq müqavilələri əsasında regional elektrik enerjisi bazarlarında iştirak etmək hüququna malikdirlər.
Elektrik enerjisinin idxalı və ya ixracı topdansatış bazarı qaydaları ilə tənzimlənir.
Elektrik enerjisinin mərkəzləşdirilmiş bazarının fəaliyyətinin təşkili bazar operatoru tərəfindən həyata keçirilir.
23.2. Bazar operatorunun vəzifələri aşağıdakılardır:
23.2.1. elektroenergetika sektorunu tənzimləyən normativ hüquqi aktların və normativ xarakterli aktların tələblərinə riayət etmək;
23.2.2. elektrik enerjisinin spot ticarətini (qısamüddətli) təşkil etmək;
23.2.3. elektrik enerjisinin ortamüddətli (həftə, ay) və uzunmüddətli (rüb, il) dövrlər üçün mərkəzləşdirilmiş ticarətini təşkil etmək;
23.2.4. topdansatış bazarı subyektlərinin elektrik enerjisinin mərkəzləşdirilmiş bazarına girişini təmin etmək;
23.2.5. topdansatış bazarı subyektlərini qiymətlər (tariflər) haqqında, topdansatış bazarı qaydaları və balanslaşdırma qaydaları ilə müəyyən olunan digər məlumatlarla təmin etmək;
23.2.6. bu Qanuna, elektrik şəbəkəsinə dair qaydalara, bazar qaydalarına və balanslaşdırma qaydalarına uyğun olaraq, ötürücü sistem operatorunun mərkəzi operativ-dispetçer xidmətinin ixtisaslaşmış bölməsi ilə qarşılıqlı əlaqədə elektrik enerjisinin topdansatış bazarını təşkil və idarə etmək;
23.2.7. topdansatış bazarı qaydaları və balanslaşdırma qaydalarına uyğun olaraq topdansatış bazarında elektrik enerjisi qiymətlərinin formalaşmasını təmin etmək;
23.2.8. topdansatış bazarı subyektlərinin bağladıqları elektrik enerjisinin alqı-satqı müqavilələri əsasında gündəlik tələb-təklif qrafiklərini qeydiyyata almaq, yoxlamaq və bu qrafiklərin vaxtlı-vaxtında ötürücü sistem operatoruna təqdim edilməsini təmin etmək;
23.2.9. balanslaşdırma qaydalarına uyğun olaraq balanslaşdırıcı bazarın işinin təşkili ilə bağlı, habelə həmin qaydalara və kommersiya uçotu qaydalarına uyğun olaraq topdansatış bazarı subyektlərinin tələb və təkliflərinin faktiki həcminin müəyyən edilməsi və elektrik enerjisinin topdansatış bazarının balansının tərtib edilməsi məqsədilə ötürücü sistem operatoru ilə əməkdaşlıq etmək;
23.2.10. topdansatış bazarı subyektləri arasında bu Qanunun 29-cu maddəsinə uyğun olaraq bağlanılan müqavilələrin və müqavilə öhdəliklərinin qeydiyyatını aparmaq və bazar əməliyyatlarının sxemini tərtib etmək;
23.2.11. topdansatış bazarının fəaliyyəti barədə məlumatları topdansatış bazarı qaydaları ilə müəyyən olunan qaydada dərc etmək;
23.2.12. öz fəaliyyəti və topdansatış bazarının fəaliyyəti barədə topdansatış bazarı qaydaları ilə müəyyən edilən hesabatları və məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə təqdim etmək.
Sənədə əsasən, bazar operatoru elektrik enerjisi bazarının subyektləri tərəfindən təqdim edilən kommersiya sirri hesab edilən sənədlərin və ya məlumatların məxfiliyini qoruyub saxlamalıdır.
Bazar operatoru elektrik enerjisinin istehsalı, saxlanması, ötürülməsi, paylanması və təchizatı fəaliyyətləri ilə məşğul ola bilməz.
Qeyd edək ki, yeni qanun layihəsi sabah Milli Məclisin iclasında müzakirəyə çıxarılacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.