SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ziyafət Əsgərov: Erməni tərəfi təxribata davam edərsə, sərt cavablandırılacaq

Parlamentin komitə sədri Ermənistan tərəfinin təxribatlarının gözlənilən olduğunu vurğulayıb.
Sputnik
BAKI, 22 fevral - Sputnik. “Avropa İttifaqının missiyasının gəlişinin regionda vəziyyətin sabitləşməsinə yox, gərginləşməsinə xidmət edəcəyi artıq təsdiqini tapır”.
Bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib.
Ziyafət Əsgərov deyib ki, Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, 21 və 22 fevral tarixlərində Azərbaycan Ordusunun Tovuz rayonu və Naxçıvan Muxtar Respublikasının Sədərək rayonundakı mövqeləri 15 dəfə atəşə tutulub. Bundan başqa, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Təzəkənd yaşayış məntəqəsi, Şuşa şəhəri və Xocavənd rayonu istiqamətlərində yerləşən mövqeləri də atəşə tutulub. Başqa sözlə, fevralın 20-də Avropa İttifaqının missiyası Ermənistanda fəaliyyətə başlayıb və cəmi bir gün sonra erməni qüvvələri həm Ermənistan ərazisindən, həm də rusiyalı sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərdən mövqelərimizi atəşə tutub.
Parlamentin komitə sədri Ermənistan tərəfinin bu təxribatlarının gözlənilən olduğunu vurğulayıb. Onun sözlərinə görə, rəsmi Bakı dəfələrlə bəyan etmişdi ki, Avropa İttifaqının missiyasının gəlişi regionda vəziyyətin sabitləşməsinə yox, gərginləşməsinə xidmət edəcək. Bu proqnozun təsdiqini tapması da özünü çox gözlətməyib. Missiyanın fəaliyyətə başlamasından cəmi 1 gün sonra erməni silahlı birləşmələrinin mövqelərimizi atəşə tutması bunu bir daha təsdiqləyib:
“Yeri gəlmişkən, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bu gün lüksemburqlu həmkarı ilə keçirilən mətbuat konfransında Avropa İttifaqının Ermənistana missiya göndərməsindən ruhlanıb Dağlıq Qarabağa beynəlxalq missiya göndərilməsindən danışıb. Qarabağ Azərbaycan ərazisidir, Ararat Mirzoyan başqa ölkənin - Azərbaycan ərazisinə missiya göndərilməsi barədə xəyallar qurur. Görünür ki, erməni tərəfi avropalı müşahidəçilərin regionda olmasını özləri üçün “təhlükəsizlik “çətiri” hesab edir və “cəsarətlənib”. Amma Azərbaycan üçün erməni silahlı dəstələrinin hansı ölkənin və ya missiyanın arxasında gizlənməsinin heç bir əhəmiyyəti yoxdur. Təxribat və təhdid davam edərsə, sərt şəkildə cavablandırılacaq”.
Ziyafət Əsgərov qeyd edib ki, Avropa İttifaqı öz missiyasını “mülki missiya” adlandırsa da, fəaliyyətə başlayan gün yaydığı açıqlamada ilk dəfə olaraq etiraf edib ki, missiyada iştirak edən 100 nəfərdən 50 nəfər “silahsız müşahidəçidir”: “Bu o deməkdir ki, missiyanın yarısı silahlı şəxslərdən ibarətdir. Bu fakt hətta erməni ictimaiyyət üçün də gözlənilməz olub. Ermənistan rəhbərliyi ölkə ərazisinə Avropa İttifaqının silahlı missiyasını buraxdığını indiyədək hətta öz ictimaiyyətindən də gizli saxlayıb. Azərbaycan sərhədinə silahlı missiya göndərilməsi və bu barədə rəsmi Bakının öncədən məlumatlandırılmaması da anlaşılan deyil”.
Parlamentin komitə sədri İran və Rusiyanın da son proseslər fonunda davranışlarına diqqət çəkib. Onun sözlərinə görə, zaman-zaman regionda üçüncü qüvvələrin iştirakını yolverilməz saydığını bəyan edən Tehran məsələyə reaksiya vermir: “Qəribədir ki, İran düz sərhədinə avropalılardan ibarət silahlı missiyanın gəlişini hələ də sükutla qarşılayır. Eyni zamanda, Rusiya Avropa İttifaqının missiyasının Ermənistanda yerləşdirilməsinə neqativ münasibətini gizlətməsə də, açıq aydın onu regiondan sıxışdırıb çıxartmaq cəhdlərinə qarşı təsirli tədbirlər görmür. Bu da Moskvanın Ermənistanda maraqları üçün gələcəkdə ciddi təhlükələr vəd edir”.