BAKI, 22 fevral — Sputnik. Bakıda kirayə bazarında qiymətlər yenidən bahalaşıb. Bu barədə Sputnik Azərbaycan-a kirayəşinlər məlumat verib. Onların sözlərinə görə, 15 gün öncə paytaxtın Yasamal rayonu ərazisində 450 manata təklif edilən mənzillərin qiyməti 700, 500 manatlıq mənzillər isə 800-900 manata qalxıb.
400-450 manata olan kirayə evlər 800-900 manata qalxıb
Bakıda işləyən Ucar sakini Aytən Umudova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, kirayə qaldığı mənzili dəyişmək istəsə də, qiymətlər bahalaşdığından bu fikrindən vaz keçib: "Hazırda qaldığım mənzilin şəraiti yaxşı olmadığından iki həftə əvvəl yeni kirayə ev axtarmağa qərar verdim. Bu işdə vasitəçilərə müraciət etdikdə həmin vaxt yaşadığım ərazidə kirayə evlərin aylıq qiyməti 400-450 manat idi. Üstündən 15 gün keçdikdən sonra yenidən vasitəçilərə müraciət etdim. Artıq həmin evlərin qiyməti 700-800 manat olub".
Türkiyədə zəlzələ kirayə mənzil bazarında canlanma yaradıb
Həmsöhbətimiz bildirib ki, ev alqı-satqısı, eləcə də kirayəsi ilə məşğul olan vasitəçilər bunu Türkiyədən Azərbaycana axınla əlaqədar olduğunu bildiriblər.
"Mənə bildirdilər ki, evlərin qiyməti Türkiyədəki zəlzələ səbəbindən bahalaşıb. Türkiyədə zəlzələdən sonra Bakıya türk vətəndaşlarının axını artıb. Bu da paytaxtda evlərin qiymətinin kəskin bahalaşmasına səbəb olub" deyə A. Umudova bildirib.
Paytaxtın Yasamal rayonu ərazisində ev alqı-satqısı, eləcə də kirayəsi ilə məşğul olan vasitəçilər d bunu Sputnik Azərbaycan-a təsdiqləyiblər. Bildiriblər ki, Yasamal rayonu ərazisində söküntü işləri aparıldığından köhnə binalarda kirayə ev tapmaq hazırda müşküldür. Yeni binalarda isə Türkiyədən son on gündə kütləvi axın kirayə qiymətlərin bahalaşmasına səbəb olub.
Uzun illərdir ki, Yasamal rayonu ərazisində ev alqı-satqısı və kirayəsi ilə məşğul olan Arzuman Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qiymətlərdə nəzərəçarpacaq artım var: "Yeni binalarda kirayə qiymətləri bu qədər də baha deyildi. Çünki, yeni binalarda kommunal haqlar yüksək olduğundan çox insan belə evlərdə kirayə qalmağa maraq göstərmir. Amma Türkiyədə zəlzələdən sonra Azərbaycana bu ölkədən çoxlu sayda insan gəlib. Onların mütləq əksəriyyəti paytaxtın mərkəzi rayonlarında müvəqqəti yaşamağa ev axtarırlar. Buna görə qiymətlər də bahalaşıb".
Ən çox qiymət artımı yeni binalardadır
Həmsöhbətimiz hazırda yeni binalarda təmirli kirayə mənzillərin qiymətinin 1200-1500 manatadək artdığını bildirib. Onun sözlərinə görə, yeni binalarda ən ucuz kirayə mənzilin qiyməti 700-800 manatdan aşağı deyil:
"Ev sahibləri də görürülər ki, müştəri çoxdur, 800 manatlıq evi 900 manata qaldırıblar".
A.Məmmədov həmçinin günlük evlərə də təlabatın artdığını bildirib. Onun sözlərinə görə, bu da Türkiyədən vətəndaşların Bakıya axını ilə bağlıdır:
"İstanbulda zəlzələ olacağı barədə məlumatlardan sonra Türkiyənin zəlzələ olmayan ərazilərindən də Bakıya gəlirlər" .
Nərimanov rayonunda "makler" işləyən Toğrul Həsənov da son günlər kirayə mənzillərlə ən çox türk vətəndaşlarının maraqlandığını söyləyib. O, Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, paytaxtda kirayə mənzillərin qiyməti 10-200 manat civarında bahalaşıb.
Zəlzələ xofu müvəqqətidir
Əmlak məsələləri üzrə eskpert Elnur Fərzəliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Bakıda mənzillərə təlabatın qardaş ölkədə baş verən zəlzələdən sonra artması psixoloji gərginliklə bağlıdır. Onun sözlərinə görə, bu ölkədən Azərbaycana gələnlərin sayının artması fonunda kirayə mənzillərin bahalaşması isə müvəqqətidir:
"Bu müvəqqəti xarakter daşıyır. Bakıya gələn türk vətəndaşlarının uzun müddət Bakıda kirayə qalması gözlənilən deyil. Onların çoxu zəlzələdən sonra narahatlıq keçirdiklərindən öz ölkələrini tərk edirlər. Amma mən inanmıram ki, bu uzun müddət davam etsin. Çünki, həmin insanların işləri, evləti Türkiyədədir. Onlar bu narahatlıq səngidikdən sonra yəqin ki, öz vətənlərinə geri dönəcəklər. Bu isə Bakıda kirayə mənzil bazarında baş vermiş qiymət artımının yenidən səngiməsinə səbəb olacaq".
Türkiyədə zəlzələdən sonra Bakıya gələnlərin şok sayı
Türkiyədə zəlzələ baş verən vaxtdan 10 gün ərzində bu ölkədən Azərbaycana 8897 nəfər gəlib. Bununla bağlı Dövlət Miqrasiya Xidmətindən bildirib. Məlumatda qeyd edilib ki, Türkiyə Respublikasında zəlzələ baş verdiyi 6 fevral 2023-cü il tarixindən 16 fevral 2023-cü il tarixinədək Azərbaycan Respublikası ərazisinə 8897 nəfər Türkiyə vətəndaşı daxil olub.
Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan edilib.
Son məlumatlara görə, Kahramanmaraş, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Adana, Adıyaman, Osmaniye, Hatay, Kilis, Malatya və Elazığ vilayətlərində 41 min 20 vətəndaş həyatını itirib.