CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Polis qeydiyyatsız yaşayan vətəndaşların evlərdə cərimələnməsinə başlayıb?

Nurlan Əliyev bildirib ki, yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində ərazi üzrə polis orqanına məlumat verməklə olduğu yer üzrə qeydiyyata düşməlidir.
Sputnik
BAKI, 22 fevral — Sputnik. Abşeronda polis əməkdaşları tərəfindən yaşayış evlərində qeydiyyatsız yaşayan vətəndaşların cərimələnməsinə başlanılıb. Bu barədə Sputnik Azərbaycan-a vətəndaş Jalə İsmayıl məlumat verib.
O, bildirib ki, bu gün Abşeronda yaşadığı mənzilə gələn polis əməkdaşı onun qeydiyyat ünvanını yoxlayıb. Bakıda qeydiyyatsız yaşadığını əsas gətirərək onu 30 manat məbləğində cərimələyib:

"Evin qapısı döyüldü. Binanın komendantı ilə bir polis əməkdaşı gəlmişdi. Polis məndən harada qeydiyyatda olduğumu soruşdu. Yevlax rayonunda qeydiyyatda olduğumu, işimlə əlaqədar Abşeron rayonunda yaşadığımı söylədim. Qeydiyyatsız yaşadığımı bildirib 30 manat cərimə etdi".

J. İsmayıl Abşeron rayonunda ev alsa da, evinə hələ də çıxarış ("kupça" - red.) ala bilmədiyindən yaşayış yeri üzrə qeydiyyata düşə bilmədiyini söylədi.
Sputnik Azərbaycan polis əməkdaşlarının vətəndaşların evlərdə qeydiyyatını yoxlayaraq cərimə tətbiq etməsinin nə qədər qanunauyğun olduğunu araşdırıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" qanunun tələbinə görə, yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində ərazi üzrə polis orqanına məlumat verməklə olduğu yer üzrə qeydiyyata düşməlidir: "Əgər vətəndaşın daimi qeydiyyatı varsa, o, dərhal olduğu yer üzrə qeydiyyata alınır. Qanunvericiliyə riayət etməyən vətəndaşlar məsuliyyət daşıyır. Vətəndaş cərimələndikdən sonra qeydiyyatsız yaşamağa davam edirsə, bu təkrar məsuliyyət yaradır".
N. Əliyevin sözlərinə görə, vətəndaşdan olduğu yer üzrə qeydiyyata düşməsi üçün müvəqqəti yaşadığı evin çıxarışı tələb olunmur.