Azərbaycan və Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə

Müttəfiqlik Bəyannaməsindən sonra Azərbaycan Rusiya münasibətlərində nələr dəyişdi?

Millət vəkili Elşad Mirbəşiroğlu bildirib ki, Azərbaycanla Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi, həm də Rusiya ilə imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamə tərəflər arasında mövcud münasibətlərin xarakterini müəyyənləşdirir.
Sputnik
BAKI, 22 fevral — Sputnik. Ötən il fevralın 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında" Bəyannaməni imzalayıblar.
Sputnik Azərbaycan müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamənin Azərbaycan-Rusiya münasibətlərində oynadığı rola dair millət vəkili Elşad Mirbəşiroğlunun fikirlərini öyrənib.
Millət vəkili Elşad Mirbəşiroğlu bildirib ki, Azərbaycan-Rusiya münasibətləri daima inkişafda olub: "Azərbaycan və Rusiya öz qarşılıqlı maraqları əsasında əlaqələrin inkişaf etdirilməsi, siyasi münasibətlərin ən yüksək inkişaf səviyyəsinə çatdırılmasına xüsusi diqqət yetiriblər. Nəzərə almaq lazımdır ki, Rusiya Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından biridir və ən müxtəlif istiqamətlər üzrə iki ölkə arasındakı iqtisadi əlaqələr də dinamik şəkildə inkişaf edib. Xüsusi olaraq qeyd etmək lazımdır ki, həm ticarət, həm kənd təsərrüfatı, həm sənaye sahəsində ölkələr arasında inkişaf etmiş əlaqələr sistemi mövcuddur və yeni istiqamətlərdə əməkdaşlığın inkişaf etdirilməsi üçün perspektivlər mövcuddur. Bütün bunlar ona dəlalət edir ki, Rusiya ilə Azərbaycan arasında ötən il müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamənin imzalanması əslində ölkələr arasında mövcud olan analoji nünasibətlərin rəsmi xarakter alması idi".
Regionun təhlükəsizliyi
Millət vəkili qeyd edib ki, hər iki ölkə üçün vacib məqamlarda mövqelərin uzlaşdırılması, xüsusilə də təhlükəsizlik sahəsində qarşılıqlı baxışlar əsasında addımların atılması həm ölkələrin özlərinin təhlükəsizliyi baxımından, həm də Cənubi Qafqaz regionunun təhlükəsizliyi baxımından əhəmiyyətlidir:
"Bu bəyannamə iki ölkə arasında siyasi münasibətlərin və əməkdaşlıq münasibətlərinin yeni keyfiyyət mərhələsini təmin etməkdədir. Bu sənədin imzalanmasından sonra iki ölkə arasında təmaslarda xüsusi bir dinamizm müşahidə olunmaqdadır. Hesab edirəm ki, Cənubi Qafqaz regionunda regionun əsas dövlətləri olmaqla Azərbaycanla Rusiya arasında hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsi, tərəflər arasında konstruktiv dialoqun bütün elementlərinin bu bəyannamədə ifadə olunması çox vacibdir. Çünki Cənubi Qafqaz regionu çox həssas bölgədir və dünyanın böyük güclərinin bu region üzərində barışmaz maraqları mövcuddur. Belə bir fonda regionun təhlükəsizliyinin təmin olunması əməkdaşlıq mühitinin hər zaman aktual qalması baxımından Azərbaycanla Rusiya arasında inkişaf etmiş münasibətlər və əlaqələr sisteminin olması vacibdir. Nəzərə almaq lazımdır ki, Rusiya ilə qardaş Türkiyənin münasibətlərin əhəmiyyətli irəliləyiş mövcuddur və sıx təmaslar qurulmaqdadır. Eyni zamanda Azərbaycan-Türkiyə-Rusiya dialoq mühitinin daha da inkişaf etdirilməsi baxımından Azərbaycanla Rusiya arasında əlaqələrin xarakterinin çox təsirli əhəmiyyəti var".
Müttəfiqlik və Şuşa bəyannamələri
Elşad Mirbəşiroğlu Müttəfiqlik Bəyannaməsi və Şuşa Bəyannaməsi arasındakı oxşar və fərqli məqamları da şərh edib. O qeyd edib ki, həm Azərbaycanla Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi, həm də Rusiya ilə imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamə tərəflər arasında mövcud münasibətlərin xarakterini müəyyənləşdirir:
"Azərbaycan və Türkiyə arasında digər ölkələr üçün örnək olacaq münasibətlər sistemi mövcuddur. Türkiyə ilə münasibətlərimiz bütün istiqamətlərdə ən səmimi elementlər üzərində qurulub. Nəzərə almaq lazımdır ki, qardaş Türkiyənin 44 günlük Vətən müharibəsi dövründə Azərbaycana siyasi və mənəvi dəstəyi çox təsirli amil kimi çıxış etdi. Bu aydın şəkildə ifadə etdi ki, Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətlərinin bütün elementləri mövcuddur, sadəcə Şuşa bəyannaməsinin imzalanması ilə bunun rəsmi müstəviyə daşınması mümkün oldu. Şuşa bəyannaməsi bu baxımdan Türkiyə ilə münasibətlərimizin tarixi inkişaf mərhələsini ifadə edir.
Eynilə də Azərbaycanla Rusiya arasında hər zaman konstruktiv əlaqələr mövcud olub. Azərbaycanla Rusiya regionları arasında olduqca sıx əməkdaşlıq qurulub və bu proses bu gün də davam edir. Başqa bir məqam Azərbaycanın müdafiə və təhlükəsizlik məsələsi ilə bağlıdır. Vətən müharibəsində Ermənistan Rusiyadan müharibəyə müdaxilə etməyi tələb edirdi. Ermənistan KTMT və Rusiya qarşısında sərt şəkildə tələb edirdi ki, Ermənistanın müdafiəsinə qalxsınlar. Həmin dövrdə Rusiya prezidenti açıq şəkildə mövqeyini ortaya qoydu ki, müharibə Ermənistan ərazisində getmədiyi üçün müdaxilə imkanı yoxdur. Bununla Rusiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmiş oldu, həm də bununla ona işarə edilmiş oldu ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Hesab edirəm ki, bu Azərbaycanın təhlükəsizliyi üçün mühim məqamdır. Bu baxımdan Azərbaycan-Türkiyə və Azərbaycan-Rusiya arasında sənədlərdəki elementləri məhz bu cür nəzərdən keçirmək olar".