BAKI, 22 fevral — Sputnik. Ermənistan və Azərbaycan nümayəndələri Rusiya Federasiyası xarici işlər nazirinin xüsusi nümayəndəsi İqor Xovayevlə görüşlərdə Rusiyanın sülh müqaviləsi üzrə danışıqlarda vasitəçiliyində maraqlı olduqlarını təsdiqləyiblər. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
"Həm Ermənistan, həm də Azərbaycan tərəfləri ölkəmizin vasitəçiliyində maraqlı olduqlarını təsdiqləyiblər", - o, Rusiya xarici işlər nazirinin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının təşviqi üzrə xüsusi nümayəndəsi İqor Xovayevin İrəvan və Bakıya səfərini şərh edərkən deyib.
Zaxarova həmçinin bəyan edib ki, Rusiya bu məsələ ilə bağlı Moskvada Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin növbəti görüşünü təşkil etməyə hazırdır.
Rusiya XİN sözçüsü onu da qeyd edib ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycana səfərinin ikinci günündə Bakıda Rusiya-Azərbaycan Ekspert Şurasının plenar iclasında iştirak edəcək.
Zaxarova Rusiya-Azərbaycan Ekspert Şurasının plenar iclasının iki ölkə arasında müttəfiqlik münaisbətlərinin qurulmasının bir illiyinə həsr olunduğunu vurğulayıb.
Qeyd edək ki, Lavrov fevralın 27-28-də Azərbaycana səfər edəcək.