CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“Azəristiliktəchizat” kommunal xidmətlə bağlı vahid çağrı mərkəzinə inteqrasiya olunacaq

Bu, istilik təchizatı sahəsində analitik təhlillərin aparılmasını, proqnozların hazırlanmasını və mərkəzləşdirilmiş elektron xidmətlərin göstərilməsini təmin etmək məqsədi daşıyır.
Sputnik
BAKI, 22 fevral — Sputnik. Kommunal xidmətlərlə bağlı vahid çağrı mərkəzinin faəliyyətinin təşkili çərçivəsində "Azəristiliktəchizat" ASC-nin və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin rəhbərliyi arasında görüş keçirilib.
ASC-dən bildirilib ki, "Azəristiliktəchizat" ASC-nin rəhbər heyəti, energetika nazirinin müşaviri Vüsal Rəcəbli və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əmək münasibətlərinin monitorinqi Mərkəzinin şöbə müdiri - sədrin müşaviri Adil Qasımovun iştirakı ilə keçirilən görüşdə vahid çağrı mərkəzinin yaradılması istiqamətində görülən işlər və birgə əməkdaşlıq imkanları müzakirə edilib.
Kommunal xidmətlərlə bağlı vahid çağrı mərkəzinin formalaşdırılmasına dair Energetika Nazirliyi tərəfindən hazırlanan konsepsiya barədə məlumat verilib və bildirilib ki, çağrı mərkəzinin formalaşdırılması Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin mövcud təcrübəsi əsasında təklif olunub. Diqqətə çatdırılıb ki, kommunal xidmətlərlə bağlı vahid çağrı mərkəzinin yaradılmasında məqsəd xidmət keyfiyyətinin səviyyəsinin və müştəri məmnuniyyətinin yüksəldilməsi, şirkətin resurslarından daha səmərəli istifadə, müraciətlərin operativ həlli, müvafiq məlumat bazalarının optimallaşması və mütəmadi yenilənməsidir. Çağrı mərkəzinin fəaliyyətinə müraciətlərin anında qeydiyyatı və operativ həlli, eləcə də, elektron poçt vasitəsilə cavablandırılması kimi xidmətlər daxildir. Bundan başqa, interaktiv səsli cavablama vasitəsilə operatoru gözləmədən müxtəlif servislərin aktiv edilməsi imkanları da mövcuddur.
"Azəristiliktəchizat" ASC-nin kommunal xidmətlər ilə bağlı vahid çağrı mərkəzinə inteqrasiyası istilik təchizatı sahəsində analitik təhlillərin aparılmasını, proqnozların hazırlanmasını və mərkəzləşdirilmiş elektron xidmətlərin göstərilməsini təmin etmək məqsədi daşıyır.