BAKI, 21 fevral — Sputnik. Türkiyənin fövqəladə hallar idarəsi çərşənbə axşamı ölkənin cənub-şərqində baş verən son iki zəlzələdə altı nəfərin öldüyünü təsdiqləyib.
"Hatayda baş verən ardıcıl iki zəlzələdən sonra 90 afterşok baş verib. 6 nəfər ölüb, 294 nəfər xəsarət alıb, onlardan 18-nin vəziyyəti ağırdır", - nazirlikdən bildirilib.
Məlumata görə, axşam saatlarında Hatay vilayətində 6,4 və 5,8 bal gücündə zəlzələlər baş verib. Bir neçə şəhərdə binalar uçub. Yeraltı təkanlar Yunanıstan, Misir, İsrail, Livan, Suriya və Kiprdə hiss olunub.
Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.
Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 4000-ə yaxın afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.