BAKI, 21 fevral — Sputnik. Qərb "humanistlər"i sanksiyaların köməyi ilə rusiyalıları əziyyət çəkməyə, bununla da cəmiyyətin daxildən stabilliyini pozmağa çalışdı, lakin buna nail olmadılar. Bunu Rusiya prezidenti Vladimir Putin Federal Məclisə müraciəti zamanı bildirib.
"Rusiyaya qarşı sanksiyalar sadəcə bir vasitədir və məqsəd, Qərb liderlərinin özləri də bəyan etdiyi kimi, vətəndaşlarımızı çətinliyə salmaq, onlara əziyyət verməkdir. Onlar xalqı əziyyətə salmaq, bununla da sabitliyi pozmaq istəyirlər. Amma onların hesablaması baş tutmadı", - deyə prezident bildirib.
Rusiya prezidenti bildirib ki, ölkə iqtisadiyyatı Qərbin sanksiyalar tətbiq edərkən güman etdiyindən qat-qat güclü olub.
Onu da xatırladaq ki, Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə dəfə sanksiya paketləri tətbiq ediblər. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub.
RF Prezidentinin sözlərinə görə, Rusiya təcrid olunmaq niyyətində deyil, onu müasir dünyadan sərt şəkildə təcrid etmək olmaz.