BAKI, 20 fevral — Sputnik. Türkiyədə baş verən zəlzələdən sonra fərdi evlərə tələbatın artdığı barədə məlumatlar yayılıb. Yayılan xəbərlərə görə, qardaş ölkədə baş verən zəlzələ fərdi evlərin qiymətində beş-on min manat civarında bahalaşmaya səbəb olub.
10-15 min manat bahalaşma
Ev-alqı satqısı ilə məşğul olan "makler"lər də qiymətlərdə bahalaşma olduğunu təsdiqləyir. Binəqədi qəsəbəsində ev alqı-satqısı ilə məşğul olan Nurəddin Həsənov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, zəlzələdən sonra nəinki fərdi evlərin qiyməti bahalaşıb, hətta evini satmaq üçün müraciət edənlərin çoxu fikrindən daşınıb. Həmsöhbətimiz fərdi yaşayış evlərinin qiymətində zəlzələdən sonra 10-15 min manatdan çox bahalaşma olduğunu bildirdi. Onun sözlərinə görə, ev tikintisi ilə məşğul olan şəxslər əvvəl fərdi yaşayış evlərini 38-45 min manata satışa qoymuşdularsa, bu qiymət zəlzələdən sonra 55-57 min olub.
N. Həsənov fərdi yaşayış evlərinə zəlzələdən sonra tələbatın artdığını da təsdiqləyir. Bildirir ki, əvvəl günə 3-4 belə müraciət olurdusa, indi bir gün ərzində 9-10 nəfər fərdi yaşayış evi almaq üçün müraciət edir: "Fərdi yaşayış evlərinə maraq zəlzələdən sonra artıb. Əvvəl insanlar bina evi almağa cəhd edirdilər. İndi isə kiçik də olsa, həyəti olan ev axtarırlar. Binəqədi qəsəbəsində topraq azaldığından, tikinti işlərinin də sürəti azalıb. Ona görə də hər müştərinin istəyinə uyğun ev tapmaq çətinləşib. Ötən ay bizə 38 minə satışa qoyulan evlərin qiyməti bu gün 45 mindir. Elə şəxslər var ki, zəng edib evlərini satmaq fikrindən daşındığını deyirlər. Halbuki, bir ay əvvəl həmin şəxs evini 43 minə də satmağa razı idi".
Masazır qəsəbəsində də fərdi yaşayış evlərinin qiymətində bahalaşma var. Ev alqı-satqısı ilə məşğul olan "Amil-Əmlak"-ın rəhbəri Gülağa Abdullayev Sputnik Azərbaycan-a açıqlamasında Masazırda yola yaxın ərazilərdə evlərin qiymətinin 65-70 min manat olduğunu bildirib. Onun sözlərinə görə, zəlzələdən əvvəl evlərin qiyməti 56-58 min manat olub. Bu gün isə qiymətlər 70 min manata çatıb: "Hazırda satışda 48 min manata da evlər var. Amma insanlar daha çox qarajı olan evlərə üstünlük verirlər. Belə evlərin qiyməti isə bahalaşıb".
G. Abdullayev onu da qeyd edib ki, indi 48 min manata satışa qoyulan evləri bir həftə əvvəl 43 min manata almaq mümkün idi. Zəlzələdən sonra isə həyət evlərinə tələbat artaraq qiymətləri bahalaşdırıb.
Fərdi yaşayış evlərini bahalaşdıran səbəblər
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, adətən həyət evlərinə tələbat aprel-may ayından başlayırdı. Zəlzələ isə bu prosesi bir qədər də tezləşdirib. Onun sözlərinə görə, yay boyu bu bahalaşma davam edə bilər.
O, həmçinin qeyd edib ki, Azərbaycanda daşınmaz əmlakın qiyməti gəlirlərlə üst-üstə düşmür. Buna görə də insanlar daha çox kreditlə ev almağa maraq göstərir. Bina evləri daha çox kreditlə satıldığından indiyədək əsas təlabat bina evlərinə olub: " Həyət evləri isə kreditlə satılmır. Buna görə də, fərdi yaşayış evini hər insan ala bilmir".
Ekspert bildirib ki, həyət evləri Bakı ətrafı ilə müqayisədə şəhərdə bahadır: "Şəhərdə fərdi yaşayış evlərinin qiyməti milyonlarla yüz min manatla ölçülür. Şəhərdən kənar qəsəbələrdə isə fərdi yaşayış evlərinin qiyməti 35 min manatdan başlayır. Əvvəl vətəndaşlar torpaq alıb ev tikirdilər. Amma indi Bakıətrafı qəsəbələrdə, yaşayış massivlərində torpaq resursları tükənib. Bu isə torpaqların qiymətinin artmasına səbəb olub. Bunan əlavə tikinti materiallarının da qiyməti bahalaşıb. Bütün bunlar onsuz da fərdi yaşayış evlərinin qiymətinin bahalaşmasına səbəb olmuşdu. Digər tərəfdən də şəhərin mərkəzi hissələrində həyət evlərinin söküntüsü davam edir. Bu da fərdi evlərə təlabatı artırır. Bütün bunlarla yanaşı zəlzələnin baş verməsi fərdi yaşayış evlərinin qiymətlərində artıma səbəb olub".
Bahalşma nə vaxtadək davam edəcək?
Ekspert deyir ki, insanlar təhlükəsizlik məqsədi ilə fərdi yaşayış evi almağa maraq göstərsələr də, əksər hallarda ev tikintisi ilə məşğul olan şəxslərin inşa etdirib satışa çıxardığı evlər elə də keyfiyyətli olmur:
"Fərdi yaşayış evi alan şəxslər daha yaxşı olar ki, içərisində yaşanmış ev alsın. Belə halda yaşadıqca evdə olan qüsurlar üzə çıxır".
Əmlak üzrə ekspert Ramil Osmanlı isə bildirir ki, Azərbaycanda fərdi evlərə marağın artması müvəqqəti amildir. Ekspertin fikrincə, onun təsiri qısamüddətli olacaq. R.Osmanlı psixoloji məqamlarla əlaqədar son iki-üç ay ərzində fərdi yaşayış evlərinə maraq artacaq. Bu da eyni zamanda fərdi yaşayış evlərinin qiymətinə təsir edə bilər.