BAKI, 20 fevral — Sputnik. Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin (FHN) çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını davam etdirirlər.
Bu barədə nazirlikdən məlumat verilib.
Bildirilib ki, FHN-in qüvvələri bu vaxtadək Kahramanmaraş və Hatay bölgələrində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından ümumilikdə 53 nəfəri sağ, 780 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Bundan başqa, FHN-in xilasediciləri tərəfindən aparılan axtarış-xilasetmə əməliyyatları zamanı dağıntılar altından tapılan qızıl və zinət əşyaları yerli polisə təhvil verilib.
Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.
Qeyd edək ki, zəlzələnin fəsadları ölkənin 11 şəhərini – Adana, Adıyaman, Diyarbakır, Elazığ, Qaziantep, Hatay, Kahramanmaraş, Kilis, Malatya, Osmaniye və Şanlıurfanı əhatə edib.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.
Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 6 000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Son məlumatlara görə, zəlzələ nəticəsində Türkiyədə 40 689 nəfər dünyasını dəyişib.
Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.